BAKI, 15 iyun. TELEQRAF

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənovun ölümünün təfərrüatı məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, mərhum uzun müddətdir diabet (şəkər) xəstəliyindən əziyyət çəkirmiş.

Bir neçə gün əvvəl F.Həsənovun səhhəti qəfildən pisləşib və komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum Qaradağ rayonunun Sahil qəsəbəsi qəbristanlığında, şəhid qardaşı oğlu Tural Həsənovun məzarı yanında dəfn olunub.

Qeyd edək ki, əslən Laçın rayonunun Mişni kəndindən olan Fazil İdris oğlu Həsənov 1965-ci il oktyabrın 18-də Qaradağ rayonu Sahil qəsəbəsində anadan olub. 228 nömrəli orta məktəbi bitirib. Əfqanıstan müharibəsində iştirak edib və yaralanıb. 2-ci qrup Əfqanıstan müharibəsi əlili idi.

O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bakı Nəqliyyat Prokurorluğunda, Laçın, Siyəzən, İmişli, Cəlilabad rayon prokurorlarının müavini vəzifəsində işləyib. “Prokurorluğun Fəxri İşcisi” döş nişanı ilə təltif olunub. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qalıb.

Xatırladaq ki, F.Həsənovun qardaşı oğlu Tural Rauf oğlu Həsənov Vətən müharibəsində şəhid olub.

T.Həsənov Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasında iştirakına görə Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

09:00

Azərbaycanın prokurorluq orqanlarının vəzifəli şəxsi vəfat edib.

Teleqraf xəbər verir ki, Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Allah rəhmət eləsin!