BAKI, 4 iyun. TELEQRAF

Sabirabad rayonunun Muğan Gəncəli kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli dördotaqlı evin (2-ci mərtəbə çiy kərpicdən, mərtəbələrarası arakəsmə taxtadan, tavan qamış örtükdən ibarət) yanar konstruksiyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğının kəşfiyyatı zamanı 4 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

08:55

Sabirabad rayonunun Muğan Gəncəli kəndində evdə bir ailənin 4 üzvünün ölümü ilə nəticələnən dəhşətli yanğının bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə zamanı evdə mərhum İmanov Tural Ağasəf oğlunun anası Bahar İmanova və Bakıdan qonaq gəlmiş qardaşı Ruslan İmanov da olub.

Onlar vaxtında xilas ola biliblər. T.İmanov və ailəsinin qaldığı otağın pəncərəsi olmadığı üçün onları evdən çıxarmaq mümkün olmayıb. Qonşuların döşəməni sökərək ailəni xilas etmək cəhdi də nəticəsiz qalıb.

T.İmanov fermer təsərrüfatı ilə məşğul olub.

***

08.33

Sabirabad rayonunun Muğan Gəncəli kəndində evdə baş verən yanğında ölənlərin adları məlum olub.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, övladları 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

07:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Teleqraf xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.