BAKI, 24 may. TELEQRAF

Qobustandakı qəzada xəsarət alan şəxsə sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, mayın 23-də saat 19:00 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər Oğuz rayon sakini 1995-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol qamış sümüyünün sınığı diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Ona ilkin tibbi yardım göstərilib, instrumental və diaqnostik müayinələr edilib.

Daha sonra pasiyent ixtisaslaşmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyyə edilib.

***

09:12

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "FOTON" markalı yük avtomobili ilə “CHEVROLET” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "FOTON" markalı yük avtomobili yolun kənarına aşaraq sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü - 1989-cu il təvəllüdlü Abdulkərimov Zirəddin Azər oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.