BAKI, 16 may. TELEQRAF

Lənkəranda ad günündə sərxoş olan 25 yaşlı oğlan Neftçalada mübahisə yaradıb və həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Tural (ad şərti verilib – red.) mayın 13-də saat 23:45-də alkoqol sərxoşluğu vəziyyətində Neftçala şəhəri, S.Vurğun küçəsində ünvanlı və ünvasız söyüşlər söyüb, ictimai qaydanı pozub. Onu nizam intizama dəvət edən polis əməkdaşlarına əhəmiyyət verməyib, nalayiq hərəkətlərini davam etdirib.

İş üzrə izahat verən Turalın sözlərinə görə, Vətən Müharibəsi iştirakçısıdır: “Mayın 13-də qardaşımla birgə qonşumuzun maşını ilə Lənkəran şəhərinə ad gününə getdik. Məclisdə çoxlu spirtli içki qəbul etdim. Qayıdanda da yol boyu maşında pivə içdiyim üçün sərxoş oldum. Mayın 14-də gecə saatlarında Neftçala Rayon Polis Şöbəsində polis əməkdaşı ilə aramızda nə üçün mübahisə yaranması dəqiq yadımda deyil”.

Turalın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Neftçala Rayon Məhkəməsinin qərarı ilə 5 gün müddətinə inzibati qaydada həbs edilib.