​YEVLAX, 15 may. TELEQRAF

Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə məxsus avtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, mayın 15-də saat 13:50 radələrində 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərin müayinələri davam etdirilir.

"Hazırda 1 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir", - TƏBİB-dən bildirilib.

Fəridə

***

16:46

Yevlaxda yol qəzasında xəsarət alanların son durumu açıqlanıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, xəsarət alan hər iki sürücü – 1985-ci il təvəllüdlü Ramiz Qarayev və 1974-cü il təvəllüdlü Söhrab Süleymanova, eyni zamanda bir azyaşlı uşağa yerindəcə tibbi yardım göstərilib.

Durumu daha ciddi olan 1977-ci il təvəllüdlü Yevlax rayon sakini Yeganə Süleymanova isə xəstəxanaya aparılıb.

***

13:58

Yevlaxda avtobusla minik avtomobili toqquşub, hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan biri kişi, biri uşaq, ikisi qadındır.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax avtomagistralının Yevlax rayonunun Yuxarı Nemətabad kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, "Niva" markalı minik avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə məxsus avtobusla toqquşub. Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.