Fevralın 15-i saat 01:10 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq tibb müəssisələrinə yerləşdiriliblər. Onların müalicələri davam etdirilir.

Hazırda 2 nəfərin vəziyyəti ağır, digərlərinin isə stabil qiymətləndirilir.

Azərbaycan Dəmir Yollarından isə bildirilib ki, gecə saatlarında "Kia Sorento" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryol xəttinin orta hissəsinə düşüb:

"Həmin vaxt qeyd edilən ərazidə qatar hərəkətdə olmayıb".

***

09:57

YEVLAX, 15 fevral. TELEQRAF

Ötən gecə Yevlax rayonunun Aran qəsəbəsində - Mingəçevir stansiyası adlanan ərazidə qatarla "Kia Sorento" markalı avtmobilin toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın xəbərinə görə, bunlar 1991-ci il təvəllüdlü Tural Zeynalov, həmyaşıdı Afiq Paşayev, 1994-cü il təvəllüdlü Züleyxa Zeynalova və 1996-cı il təvəllüdlü Gülşən Paşayevadır.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır.

Yaralıların hamısı Bərdə rayon sakinləridir. A.Paşayev və G.Paşayeva ər-arvaddır.

Faktla bağlı araşdırma aparılır.

***

00:48

YEVLAX, 15 fevral. TELEQRAF

Yevlax rayonunun Aran qəsəbəsində - Mingəçevir stansiyası adlanan ərazidə ağır qəza baş verib.

Teleqraf-ın xəbərinə görə, "Kia Sorento" markalı avtomobil qatarla toqquşub.

Hadisə nəticəsində dörd nəfər ağır xəsarət alıb. Onlardan ikisi qadındır.

Kişilərdən birinin vəziyyətinin çox ağır olduğu bildirilir.