Qardaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 12 oktyabr 2022-ci ildə Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Elşad Əsədovun aralarında yaranmış mübahisə zamanı qardaşı Vüqar Əsədova xuliqanlıq niyyətilə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşad Əsədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və digər maddələrilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

***

16.53

Yevlax rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Elşad Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən ilin oktyabrın 12-də, saat 20 radələrində Yevlax rayonu ərazisində 49 yaşlı Vüqar Əsədovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 51 yaşlı Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elşad Əsədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.