Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram meyvə oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində meyvə oğurlaması da müəyyən olunub.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Wolksvagen”, “Hyundai” və “KİA” markalı 3 avtomobildən pul, sənəd və kosmetik əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “VAZ” markalı 3 avtomobildən pul, sənəd, maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Nəbiyev saxlanılıb.