BAKI, 28 avqust. TELEQRAF
2025-ci ilin iyununda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında birinci olub.
Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, bu ilin iyununda Azərbaycandan Türkiyəyə 1 milyard 19,83 milyon kub metr təbii qaz ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz ixracında 2,29% artım olub.
Türkiyənin təbii qaz idxalında ikinci sırada yer alan Rusiyadan isə 970,59 milyon kub metr təbii qaz alınıb, artım 220,91% (təxminən 2,21 dəfə) olub.
Qonşu ölkə İrandan 697,07 milyon kub metr təbii qaz idxal edib, 7,01% artım olub.
Türkiyənin cari ilin iyun ayında Türkmənistandan idxal etdiyi qazın həcmi isə 103,27 milyon kub metr təşkil edib.
Beləliklə, Türkiyənin qaz idxalında Azərbaycan 32,19, Rusiya 30,63, İran 22, Türkmənistan isə 3,26 faiz paya sahib olub.
Yeri gəlmişkən, hesabat dövründə Türkiyə ABŞ-dən 99,69 milyon kub metr mayeləşdirilmiş təbii qaz (LNG) alıb.
Türkiyənin maye qaz idxalında birinci sırada yer alan Əlcəzairədən 277,95 milyon kub metr qaz alınıb. Müqayisələr göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Əlcəzairdən maye qaz idxalı 23,66% azalıb.
Ölkənin təbii qaz idxalında Əlcəzair 8,7%, ABŞ isə 3,15% paya sahib olub.
Qeyd edək ki, Qeyd edək ki, "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazı TANAP ilə Türkiyəyə, oradan isə Avropaya ötürülür.