BAKI, 15 mart. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi ölkənin ən qədim hərbi aviadaşıyıcılarından biri olan "USS Nimitz" gəmisinin xidmət müddətinin əlavə olaraq 10 ay uzadıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon sənədlərinə istinadən məlumat yayılıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi "Huntington Ingalls Industries" şirkətinin Virciniya ştatının Nyupor-Nyus şəhərində yerləşən bölməsinə 95,7 milyon dollar dəyərində müqavilə opsiyasının icrasına icazə verib.

Sənədə əsasən, vəsait "USS Nimitz" (CVN-68) aviadaşıyıcısının istismardan çıxarılması və nüvə yanacağının boşaldılması üzrə hazırlıq işlərinin görülməsi üçün ayrılıb.

Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri 50 il xidmət göstərmiş aviadaşıyıcını 2027-ci ilin martında istismardan çıxarmağı planlaşdırır.