BAKI, 13 may. TELEQRAF
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirib.
Zəfər parkına gələn Türkiyənin milli müdafiə naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri həmkarını salamlayıb və onu bir daha ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişafını müsbət qiymətləndirib.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab Y.Güler göstərilən səmimiyyətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq hərbi əlaqələrimizin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin və bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
13:28
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.
Teleqraf xəbər verir ki, Y.Gülər əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdirib.
O, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin məzarını və Türk şəhidliyini ziyarət edib, Zəfər Parkında olub.
Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Daha sonra Z.Həsənov və Y.Gülər arasında nümyəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
Xatırladaq ki, Türkiyənin müdafiə naziri bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.






