BAKI, 26 avqust. TELEQRAF
Ermənistanın sabiq prezidenti Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryanla bağlı cinayət işi üzrə bir ailənin dörd üzvü həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə eks-prezidentin kiçik oğlu Levon Köçəryan jurnalistlərə bildirib.
Avqustun 26-da Sedrak Köçəryan 2 ay müddətinə həbs edilib. Ona ailə üzvləri - həyat yoldaşı və uşaqları istisna olmaqla, görüşlər qadağan olunub.
“Bütöv bir ailə bu işə cəlb olunub. Həmin ailənin dörd üzvü - ər, arvad və iki qız həbs edilib”, - Levon Köçəryan deyib.
O əlavə edib ki, eyni iş üzrə bir neçə müəssisənin direktoru da təqsirləndirilən şəxslər sırasındadır.
Ermənistan Baş Prokurorluğu dünən Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıb. Bu iş çərçivəsində onun böyük oğlu Sedrak Köçəryan və daha doqquz nəfər həbs edilib.
Dünən Korrupsiyaya qarşı Mübarizə Komitəsində dindirilmə zamanı Robert Köçəryanın səhhəti pisləşib və dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Müalicəsi bitdikdən sonra məhkəməyə çıxarılacaq Ermənistanın keçmiş prezidenti barəsində də həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.