BAKI, 12 may. TELEQRAF
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan TRIPP layihəsinin icrası ilə bağlı işlərin gedişatını müzakirə etmək üçün İrəvana gələn ABŞ nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamenti və İnkişaf üzrə Maliyyə Korporasiyasının (DFC) nümayəndələri daxildir.
Görüş zamanı M.Qriqoryan 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin əhəmiyyətini vurğulayıb və sammitin əsas nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.
Tərəflər TRIPP layihəsinin reallaşdırılması ilə bağlı bir sıra əməliyyat və hüquqi məsələləri müzakirə edərək razılaşdırıblar.
Bundan əlavə, Mqer Qriqoryan regionda bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasının zəruriliyini, bu prosesin iqtisadi potensialını və perspektivlərini diqqətə çatdırıb.