BAKI, 3 mart. TELEQRAF

“Cənub Qaz Dəhlizi birgə səylərlə nəyə nail ola biləcəyimizin parlaq nümunəsidir. Bu dəhliz enerji təhlükəsizliyini və diversifikasiyanı əhəmiyyətli dərəcədə gücləndirib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

“Gürcüstan bu prosesdə etibarlı tranzit ölkə kimi iştirak etməsindən qürur duyur. Gürcüstan sübut edib ki, Cənub Qaz Dəhlizinin fəal dəstəkçisi və əvəzolunmaz iştirakçısıdır, həmçinin strateji tərəfdaşlığa və bütün tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığa sadiqdir”, - nazir bildirib.

Mariam Kvrivişvili əlavə edib ki, Gürcüstan regional tranzit təşəbbüslərinə sarsılmaz dəstəyini artıq nümayiş etdirib.

İqtisadiyyat nazirinin sözlərinə görə, enerji təhlükəsizliyi Gürcüstan üçün əsas prioritet olaraq qalır:

“Biz enerji sektorunun inkişafı üzrə hərtərəfli uzunmüddətli strategiya qəbul etmişik və bu strategiya onillik fəaliyyət planı ilə dəstəklənir. Məqsədimiz aydındır - 2036-cı ilə qədər Gürcüstanın elektroenergetika sektoru tam özünütəminatlı olsun”.