BAKI, 11 fevral. TELEQRAF

“Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı eskpertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azatlmağa çalışırlar”.

Teleqraf xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

“Birincisi, Vens İrəvanda “soyqırımı abidəsi”ni ziyarətiylə bağlı paylaşımını sildiyinə görə tənqid olunub. İkincisi, ABŞ-nin Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyayacağı şübhə altına alınıb. Bəllidir ki, Vensin Baş nazir Nikol Paşinyanla imzaladığı saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır. Ancaq Paşinyanın opponentlərinin fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır. Çünki radikallar hesab edirlər ki, ABŞ-nin başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi yoxdur və bu modulların istismarı baha başa gəlir”, - ekspert deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika varitantını seçib:

“Radikallar ABŞ-nin Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki həmin dronlar hücum deyil, kəşfiyyat xarakterlidir.

Erməni radikalları və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır. Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir. Bunu amerikalı rəsmilər gizlətmirlər də. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklifinə yox, ABŞ-nin eyni təklifinə üstünlük verib”.

Politoloq əlavə edib ki, ABŞ-nin Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” atom elektrik stansiyasını tədricən əvəz edəcək:

“ABŞ-nin Ermənistana satacağı kəşfiyyat karakterli PUA-lara gəlincə, qonşusu Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti 9-10 fevral tarixlərində Ermənistanda səfərdə olub. Vens bundan sonra, fevralın 10-da iki günlük proqramla Azərbaycana rəsmi səfərə gəlib.