TBİLİSİ, 4 sentyabr. TELEQRAF
Gürcüstan və Türkiyə gənclər sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi üzrə birgə təşəbbüslər həyata keçirəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyənin Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze və Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak imzalayıblar.
G.Mikanadzenin sözlərinə görə, Türkiyə ilə gənclər sahəsində əməkdaşlıq Gürcüstanla Türkiyə arasında uzunmüddətli tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində daha bir addımdır.
Türkiyəli nazir isə öz növbəsində iki ölkənin nazirlikləri arasında uğurlu tərəfdaşlığı qeyd edərək birgə gənclər proqramlarının həyata keçirilməsinə hazırlığını bildirib.
Memoranduma əsasən gənclər düşərgələrinin, forumların, konfransların, seminarların, tanışlıq səfərlərinin və digər mühüm tədbirlərin təşkili nəzərdə tutulur.