|
Rusiya qondarma Dağlıq Qarabağ rejimini münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə cəlb etmək istəyir. Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov açıqlama verib.
“Biz dəfələrlə demişik ki, müəyyən mərhələdə Qarabağ heç zaman iştirak etmədiyi danışıqlar prosesinə qatılmalıdır. Düşünürük ki, sülh sazişinin hazırlanmasına keçid rolunu oynayacaq çərçivə sazişinin bağlanması çıxış nöqtəsi (Qarabağın danışıqlarda iştirakı üçün) ola bilərdi”, – deyə Popov jurnalistlərə açıqlamasında bildirib.
Qarabağın istənilən statusla Azərbaycanın tərkibinə daxil edilməsinin qeyri-mümkünlüyü barədə suala cavab verən Popov qeyd edib ki, bu, “danışıqların predmetidir”.
İqor Popov, həmçinin, Qarabağ münaqişənin həlli yeni sənədin olmadığını bildirib.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar stolunda heç bir yeni sənəd yoxdur. Həmsədrlərin təklifləri var. Amma tərəflər bunu müzakirə edilirdilər”, — deyə Popov bildirib.
Rusiyanlı həmsədr qondarma rejimi danışıqlar tərəfi kimi gördüyünü açıqlasa da, Azərbaycan dəfərlərlə bəyan edib ki, işğal altında olan Dağlıq Qarabağ sülh prosesində tərəf kimi işkirak edə bilməz.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı güc tətbiq edərək ərazilərini işğal edən tərəf Ermənistandır və işğal edilmiş ərazilərdə qanunsuz olaraq Ermənistan silahlı qüvvələri mövcuddur.
XİN rəsmisi bildirib ki, münaqişə ilə əlaqədar qəbul edilmiş digər beynəlxalq sənədlərdə olduğu kimi, 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında da işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub.
Qərarda deyilir: “Ermənistan Respublikası özünün hərbi mövcudluğu, hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir. Nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər, o cümlədən Laçın rayonu üzərində effektiv nəzarəti həyata keçirir”.
XİN sözçüsü bəyan edib ki, Ermənistan Azərbaycana qarşı törətdiyi təcavüz və işğalını ört-basdır etmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün işğal edilmiş ərazilərdə qondarma rejim yaradıb: “5 aprel tarixində atəşkəs barədə razılıq da münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında əldə edilib. İndiyə qədər də işğalçı dövlət olaraq, məsuliyyət daşıyan tərəf kimi danışıqlar prosesində Ermənistan Respublikası iştirak edib və bundan sonra da belə olacaqdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları vardır və rəsmi Bakı həmişə bu icmalar arasında təmasların yaradılmasının tərəfdarı olub”. (anspress)