|
İş adamı Rza Zərrabın Amerikada həbsi Türkiyə və Azərbaycan mətbuatının gündəminə bomba kimi düşdü. Zərrab həm Türkiyə, həm də Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlər vasitəsilə İran sanksiyalarını pozan fəaliyyətdə təqsirləndirilir. İddialara görə, sanksiyaları yan keçmək üçün Türkiyədə fəaliyyət göstərən Royal Holding AŞ şirkəti də istifadə olunub. ABŞ prokuroru deyib ki, sanksiyaları yan keçmək üçün uzun müddət ərzində xüsusi sxemlərdən istifadə olunub: “Rza Zərrab, Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə dünyadakı müxtəlif strukturlar üzərindən pul yuyulması ilə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar rejiminin təsirini zəiflədib və federal cinayətlər törədiblər”.
Xatırladaq ki, 2013-cü ildə Rza Zərrab Türkiyədə qalmaqallı korrupsiya işi ilə bağlı həbs edilmişdi. O, hökumət üzvlərinə rüşvət verməkdə təqsirləndirilirdi. Lakin sonra ona qarşı irəli sürülən ittiham ləğv olundu və işə xitam verildi. Rza Zərrabın işinin Azərbaycanda da bu qədər maraqla izlənməsinə gəlincə, iş adamı bir çox mənbələrdə məhz azərbaycanlı kimi təqdim edilir.
Türk mətbuatının yazdığına görə, iş adamı 1984-cü ildə Bakıda anadan olub. Həmin mənbələrdə o, Azərbaycanın ən varlı iş adamlarından biri olmaqla bərabər, tayfa başçısı kimi təqdim edilir. Əslində Rza Cənubi Azərbaycanda dünyaya gəlib və heç vaxt Şimali Azərbaycan vətəndaşı olmayıb. İş adamının vaxtılə sevgili olduğu Azəri Günelin dediklərinə inansaq, R.Zərrab İran əsillidir. Ailəsi Dubayda yaşayir. Atası Hüseyin Zərrabdır. İş adamı olduğu söylənilən Hüseyn Zərrab İrandan mühacirət edib.
Ailənin biznes imperiyası Rza və qardaşı Məhəmməd Zərrabın adı ilə bağlıdır. İddialara görə, qardaşlar atalarının biznesini böyüdüblər. 1996-cı ildə “Al Nafees Exchange” və “Al Salam Center Exchange” firmaları ilə Dubayda maliyyə və pul bazarlarında fəaliyyət göstəriblər. Türkiyədə ilk rəsmi biznesləri 2008-ci ildə qurduqları “Royal Dənizçilik” MMM olub. 2010-cu ildə Ebru Gündeşlə nigah Zərrablara düşərli olub. Dəmir-polad, inşaat sektoruna sərmayələr qoymalarının ardından 2010-cu ildə “Royal Holding”i təsis edib. İdarə heyətinin rəhbəri Rza Zərrab olub. Şirkət qısa müddətdə 8 firması ilə 10 fərqli sektorda fəaliyyət göstərməyə başlayıb. 2013-2015-ci illərdə turizm, enerji, petrokimya, mədənçilik və informasiya sektorlarına da investisiyalar qoymağı planlaşdıran Zərrablar hazrda “Royal Hoding”in tərkibində Foulad Kaveh, “Royal Denizçilik”, “Safir Altın LTD”, “Merkez İnşaat”, “Al Nafees Exchange”, “ARE Havaçılık”, “Royal Atçılıq”, “Royal Mobilya” kimi şirkətlərə sahibdirlər. Holdinqin Rusiyada, Dubayda, eləcə də İranda investisiyaları var. Konkret olaraq Təbrizdə dəmir-polad müəssisə, Dubayda 400 otaqlı 5 ulduzlu hotel, Rusiyada gəmiçilik xidmətləri mövcuddur. Bu gəmilərlə əsasən neft məhsulları daşındığı irəli sürülür. 2012-ci ildə “Royal Holding”in ixracatı 2 milyard 500 milyon dollar təşkil edib.
R.Zərrab idarə heyətinin rəhbəri kimi şirkətin internet ünvanına verdiyi müsahibədə şirkətini necə yaratması haqqında bunları deyir: “Duzlu havanı iyləməyi, dalğalarla boğuşmağı, fırtınalarda sakit liman tapmağı dənizdə öyrəndim. Dinc səssizliyi, təbiətlə təkliyi dəniz üzərində daddım. İkinci ehtirasım atlar oldu. Güclü, qürurlu, məğrur, amma bir o qədər təvazökar. İş həyatımda maneələri aşarkən, atlarımın gücündən, əzmindən ilham aldım. Üçüncü ehtirasım səma və uçmaq oldu. Ümid etmənin və səmanın dərinliyində itmək, məni Allaha daha yaxın etdi. İş həyatındakı müvəffəqiyyətimin sirri ehtiraslarım ilə işim arasında harmoniya yaratmağımdır. Onsuz da tabeçiliyimizdə olan şirkətlərə nəzər yetirdikdə dənizçilik, atçılıq, havaçılıq firmaları gözünüzdən qaçmayacaq.
Gənc yaşlarımda atıldığım iş həyatı, iqtisadi dalğalanmaları, döngələri, dünyadakı ictimai və siyasi dəyişmələri ilə bir çoxları üçün çətin dövr idi. Daha dərinə enməyi, daha yüksəyə tullanmağı və göylərə çatmağı istəyənlər üçün isə şübhəsiz fürsətlər, imkanlar təqdim edən dövr oldu. Tək lazım olan təşəbbüskar olmaq və qərarlı olmaq idi. Belə çətin dövrdə gənc yaşıma baxmayaraq türk iqtisadiyyatına əlavə dəyər yarada bilmənin qürurunu yaşadım. Dubay, İran və Türkiyədə sərmayələri olan bir holdinq olaraq bölgədəki gərginlik, sabitliksizlik, proyektlərimizin işlərində axsaqlıqlara səbəb olsa da, önümüzdəki dövrlərdə sərmayələrimizi artıracağıq”.
Əslində qısa müddətdə bu qədər parlama, 2,5 milyard dollarlıq ixraca nail olmaq Rza Zərrabın dediyi kimi heç də hava, dəniz, at ehtirasları ilə bağlı deyil. Məlumatlara görə, Zərrablar İran şah sulaləsinin – Pəhləvilərin (Fərəh Diba Pəhləvi) pullarını idarə edirlər. Günellə əlaqələr, Ebru Gündeşlə evlilik də məhz hesablanmış addımdır. Zərrablar bununla neft ölkələrinə, konkret Azərbaycana çıxmaq istəyirdilər. Ailə qızıl ticarəti ilə ad çıxarsa da, onların gəlirinin əsas mənbəyi neft məhsullarının daşınmasıdır. Bu arada Azərbaycanda bir neçə il əvvəl lisenziyası alınan “Royal Bank”-ın da Rza Zərraba məxsus olduğu istisna olunmur. Xatırladaq ki, bankda əsasən İran vətəndaşlarının pulları var idi. Maliyyə qurumu iranlılar tərəfindən idarə edilirdi.
Ailənin necə Türkiyə vətəndaşlığı alması prosesi də təzadlı məqamları ortaya qoyur. 2013-cü ildə Rza Zərrab Türkiyədə qalmaqallı korrupsiya işi ilə bağlı həbs edilən zaman ortaya çıxan faktlar göstərirdi ki, iş adamı Türkiyə Daxili İşlər Nazirliyinin ona verdiyi səlahiyyətlə öz yaxılarına Türkiyə vənədaşlığı verirmiş. Zərrabın atası Hüseyn, böyük qardaşı Məhəmməd (Can Serraf) və Rzanın şirkətində işləyən Aras Miandoabçian xüsusi şəxs statusu ilə Türkiyə vətəndaşlığı alıblar.
Hətta Rza Zərrabın bunun üçün keçmiş daxili işlər naziri Müəmmər Gülərə 5 milyon dollar rüşvət verdiyi iddia edilir.
Zərrab və ailəsinin Daxili İşlər Nazirliyinə türk vətəndaşlığı üçün müraciət etdiyi sənədlərdə İranın Təbriz şəhərində qeydiyyatda olduqları göstərilib. Rzanın atası 2013-cü ilin mayında vətəndaşlıq almaq üçün müraciət edib. Nazirlər Kabinetinin 22.07.2013-cü il və 2013/5441 saylı qərarı ilə türk vətəndaşlığı aldığı və 69898 nömrəli şəxsiyyət vəsiqəsilə Hüseyn Sərraf adını götürdüyü bildirilir.
1978-ci il Təbrizdə anadan olan böyük qardaşı Məhəmməd Zərrabın da atası ilə birlikdə vətəndaşlıq aldığı və 69868 nömrəi şəxsiyyət vəsiqəsilə Can Sarraf adını aldığı məlum olub.
Bundan başqa Məhəmməd Zarrabın həyat yoldaşı Nəsrin Yeganə, oğlu Sam Zərrab da eyni yollarla Türkiyə vətəndaşlığı alıblar.
Zərrabların qızıl ticarətinə gəlincə, bunun da öz sualtı daşları var. Bir neçə il əvvəl Türkiyədən İrana qızıl daşınması ilə bağlı böyük qalmaqal yaşandı. Bunda Rza Sarrafın sahib olduğu “Safir Altın LTD”-nin adı çəkilirdi. Türkiyə mətbuatı yazırdı ki, İrandakı imtiyazlı iş adamları aşağı kursla (xarici ticarətlə məşğul olan iş adamlarına dövlət daha aşağı kursla valyuta təmin edir) əldə etdikləri avroya Türkiyədə qızıl satın alaraq, sonradan onu öz bazarlarında nağd pula çevirirlər. Belə ki, beynəlxalq bazarlardakı əməliyyatlar İran tərəfindən hakim pul vahidi olan “dollar”la deyil, “avro” ilə aparılır. Bunun da səbəbi, dollarla edilən əməliyyatları ABŞ-n təqib etməsidir (İrana embarqo tətbiq olunur, ticarət aparan ABŞ- Avropa şirkətlərə böyük cəza alırlar). Əlindəki tüməni (İran pul vahidi) verən imtiyazlı işadamı pulunu 2.150 tümən qarşılığı 1 avroya dəişirlər (başqa biri İran bazarında bu əməliyyatı reallaşdırdıqda 2.250 tümənə qarşılıq 1 avro satılır). Bundan sonra iş adamı İranda avroya çevirdiyi pulu Türkiyəyə gətirib qızıl alır və növbəti mərhələdə həmin qızılı öz ölkəsində yüksək kursla xırıd edir, beləliklə, aradakı kurs fərqindən qazanmış olurdu. Maraqlıdır ki, “Safir Altın LTD” qızılı yalnız İrana deyil, Birləşmiş Ərəb Əmrliklərinə, Dubaya da daşıyırdı. 2013-cü ilin əvvəlində bunu təsdiqləyən olay da baş vermişdi. R.Zərrabın İstanbulun Atatürk Hava Limanında 12 nəfər qızıl daşıyanı saxlanılmışdı. Belə ki, İstanbul-Dubay reysi ilə uçacaq təyyarədə 12 nəfərin hamısında eyni rəngdə və modeldə bel çantası olduğunu görüb şübhələnən polis yoxlama zamanı bazar dəyəri 30 milyon dollar olan 320 külçədən ibarət 27 kiloqram qızıl aşkarlamışdı. Qızıl külçələrin qaçaqmalçılıq yolu ilə Türkiyədən çıxarmağa cəhd göstərildiyini düşünən polislər dərhal aeroportdakı gömrük əməkdaşlarına məlumat vermişdilər. Gömrükçülər və Maliyyə Nazirliyinin əməkdaşları qızıl külçələrinin məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərraba aid olduğunu müəyyənləşdirmişdilər. Aeroporta gələn Rza özünün qızıl ixracatçısı olduğunu, təyyarənin daha etibarlı olduğu üçün xaricə qızılı bu yolla çıxardıqlarını söyləmişdi. Araşdırma başa çatandan sonra qızıl külçələr sahibinə qaytarılmışdı.
Rza Zərrab 2010-cu ildən məşhur müğənni Ebru Gündeşlə evlidir. Onun həyat yoldaşına aldığı hədiyyələr xəsis iş adamlarının dilində dastana dönüb. Məsələn, nikah hədiyyəsi kimi o Ebruya 520 min lirəlik BMW almışdı, “EBR” hərflərini daşıyan nömrəyə 50 min dollar ödəmişdi. Bundan əlavə, həyat yoldaşına “Aston Martın” markalı 340 min dollarlıq idman avtomobili, Qanlıcada 26 milyon dəyərində iki yalı, 3 milyon lirəlik ofis, Bodrum Qalasında mənzərəli 1 milyon 850 min lirəlik bağ evi, 800 min lirə dəyərində “Dutyfree” adlı çempion atı və Dubayda ev hədiyyə edib. İş adamının müğənni üçün çəkdiyi adi xərcləmələr də diqqət çəkir. Məsələn, bayramların birində səhnəyə çıxan E.Gündeş 60 min lirə qazanmaq üçün ərinin 80 min lirəyə kirayələdiyi təyyarə ilə Kiprə getmişdi.
O ki qaldı R.Zərrabın Ebru ilə evliliyinə, əvvəlcə Azeri Günellə adı çıxan iş adamının Gündeşlə evlənməsi gizli protokol kimi dəyərləndirilir. Şayiələrə əsasən, Ebru ailənin əsiridir. Bütün rıçaqlar ata Zərrabın əlindədir. Ailə şirkətində ancaq maaşa işləyən Rza Zərrabın Ebruya verdiyi hədiyyələri də Hüseyn Zərrab alır.
Rza Zərrab yarış atlarına marağı ilə tanınır. Əvvəldə qeyd etdiyimiz kimi onun şirkətinin bir qolu da at yarışlarıdır. "Storm", "Coletto" və "Dadjak", Dutyfree", "Əl Ganador" adlı atlarıyla birincilik və kubok qazanıblar. Rzanın atlara sərvət xərclədiyi söylənilir. Bundan əlavə iş adamı avtomobil həvəskarıdır. O Türkiyədə ancaq Ali Ağaoğlunun sahib olduğu “şahların avtomobili” adlandırılan “Rolls-Royce”nin Phantom, Ghost modellərinə sahibdir. Birinci modelə 960 min avro, ikinci üçün isə 250 min avro ödəyib.
O, həm də bəstəkardır. İbrahim Tatlısəs, Sibel Can kimi məşhurlar üçün musiqilər bəstələyib. Ebru Gündeşin ifa etdiyi "Sadece Sevdim" də Rzaya məxsusdur.
publika.az