|
Ölkəmizin və iqtisadi gəlirlərimizin əsasını təşkil edən neft və neft məhsullarının qiymətlərinin dünya bazarlarında sürətlə dəyərdən düşməsinin ardınca ölkəmizdə iqtisadi Devalvasiyanın baş verməsi qaçılmaz oldu. Devalvasiyanın baş verməsi nəticəsində ölkənin iqtisadi, sosial və maliyyə sahələrində problemlərinin kəskin şəkildə artmasıyla müşahidə olundu. Ölkənin qarşılaşdığı iqtisadi böhranla bağlı olaraq rəqabətə dayanıqlı olmayan bir sıra bank sektorları öz fəaliyyətlərini durdurmalı oldular. Mərkəzi bank ölkədə iqtisadi böhranla bağlı yaranmış problemlərin həlli istiqamətində hökumətlə müzakirələrə başlamışdır.
Valyuta böhranı- ölkənin milli valyutasının məzənnəsinin kəskin ucuzlaşması və beynəlxalq valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin qorunması üçün istifadəsi fonunda baş verən böhran valyuta böhranına aid edilir.
Bank böhranı- bank sisteminə olan inamın azalması fonunda fiziki, hüquqi şəxslərin tərəfindən kommersiya banklarında saxladıqları depozitlərin kütləvi şəkildə çıxarılması nəticəsində likvidlik probleminin yaranması ilə müşayiət olunur. Bu zaman dövlət bank sisteminin vəziyyətinin bir qədər yaxşılaşdırmaq üçün böyük məsrəflər hesabına iri həcmli maliyyə müdaxilələri etmək məcbüriyyətində qalır. Zəruri anda dövlət tərəfindən bank böhranın qarşısının alınması üçün tədbirlər görülməzsə, bu, ölkənin maliyyə sistemi üçün daha ağır fəsadlarla nəticələnə bilər.
Sistem maliyyə böhranı- ödəmə sisteminin fəaliyyətinin hər hansı bir səbəbdən iflic olmasından irəli gələn və maliyyə bazarlarında pozulmalarla xarakterizə olunmasıdır.
Xarici borc böhranı- ölkə xarici borclarını ödəmək iqtidarında olmadığı halda yaranan böhrandır.
2015 ci il Fevralın 20-də manatın dollara qarşı məzənnəsi 0,7862 manat olduğu halda bir gün sonra ölkədə devalvasiyanın yaranması nəticəsində Mərkəzi Bank milli valyutanın kursunu dəyişərək, dollar məzənnəsini 1,05 manat səviyyəsində müəyyənləşdirdi. 2015-ci il 21 dekabrda isə manat üzən məzənnəyə keçdi və 1 amerika dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdı.
Milli valyutanın xarici valyutalara görə devalvasiyasının müsbət tərəfləri nəticəsində kənd təsərrüfatını inkişaf etdirmək, ölkədə daxili istehsal üçün mükəmməl imkanlar yaratmaq, eksportu daha qazanclı səviyyəyə qaldırmaq, ölkənin makro-iqtisadi göstəricilərinə müsbət təsir etmək, ölkənin qızıl ehtiyatlarını artırmaq və sairələr mümkündür.
Devalvasiyanın mənfi tərəfləri isə əhalidə ödəniş qabiliyyətini aşağı salır, xaricdən gətirilən malların qiymətləri yüksəlir, vətəndaşların banklardan pullarını geri çəkməsi milli valyutanın dəyərini azaldır və devalvasiya dahada dərinləşir. Yerli məhsulların qiymətləri artdıqca ölkədə inflayasiya faizi daha da artır, pulun dəyəri “ölür”. İnsanlar, müştəri qismində xaotik hərəkətlər edirlər, kiçik və orta biznes çətinləşir, əhalidə olan ödəniş problemləri ticarət dövriyyəsinin daralmasına və daha az məhsul istehlakına gətirib çıxarır. Xırda və orta biznes bu xərclərə dözə bilməyərək siradan çıxır, vətəndaşların banklardan xarici valyuta ilə götürdükləri borcların qaytarılması problem yaradaraq onları kəskin duruma düşürür və sairə.
Ölkədə iri fabrik və zavodların olmaması, böyük işsizlik ordusunun yaranması, xalq və kənd təsərrüfatının inkişaf etdirilməməsi, fermer təsərrüfatlarına dövlət dəstəyinin layiqincə olmaması, orta və kiçik biznesin fəaliyyətlərinə ögey münasibət, maşınqayirma və gəmiçilik müəssisələrinin bağlanması, bir sözlə daxili istehsalat gücünün artırılmaması və digər səbəblərdən dolayı ölkəmizin iqtisadi inkişafının qarşısı alınmışdır. Hakimiyyət milli pul vahidimiz manatın uzun illər Amerikan dolları qarşılığında məzənnəsinin sabitliyini real yollarla deyil, əksinə süni qaydalarla qoruyub saxlamağa üstünlük vermişdir.
Neft strategiyasının inkişafı adı altında avtoritar hakimiyyətin apardığı səriştəsiz siyasəti ölkəmizin əsas iqtisadiyyatını neft və neft məhsullarının xarici ölkələrə satışından əldə edilən gəlirlərdən asılı vəziyyətə salmışdır. Neftin dünya bazarlarında satışının hər zaman sabit dəyərdə qalmaması, rəqabətə davamsızlığının mahiyyətini bilərəkdən, məhz sırf onun gəlirlərinə söykənən hakimiyyət və onun mərkəzi icra orqanları ölkə iqtisadiyyatının əsaslarını bu müstəvidə quraraq yönətmələri ən azı ağılsızlıq və cinayyət əməli sayılır.
Ölkəmizin əsas iqtisadi qaynaqları olan təbii neft və qaz məhsullarının istehsalı, onların xarici bazarlara ixrac edilməsindən əldə olunan milyardlarla gəlirlərin dövlət büdcəsinə daxil olmasına baxmayaraq, həmən gəlirlər ölkədə qeyri neft sektorlarının inkişaf etdirilməsinə, iqtisadiyyatımızın dirçəlməsi və yenilənməsi istiqamətinə qətiyyən yönəıldilməmişdir. Neftin satışından dövlətin büdcəcinə daxil olan pulların əksər hissəsi hakimiyyət və onun idarə etmə orqanları tərəfindən əl qoyularaq mənimsənilmişdir.
Hakimiyyət və onun administrasiyası, mərkəzi və yerli icra orqanlarının səlahiyyətli nümayyəndələri ölkənin, dövlətçiliyin, xalqın iqtisadi, sosial, siyasi, strateji və digər marağlarını qoruyub müdafiə etmək əvəzinə özlərinin, yaxınlarının şəxsi mənafe və marağlarını dahada üstün tutmuşlar. Bütün bunlar dövlətçilik ənənələrinə və qanunlarına qarşı çıxmaqla yanaşı, həm də ölkədə iqtisadi və siyasi xaosun yaranmasına gətirib şıxarmışdır. Ölkə korrupsiya və rüşvətxorluq bataqlığına sürüklənmişdir.
Korrupsiya, rüşvətxorluq, talançılıq əməllərini törədənlər başda hakimiyyət olmaqla onun nazirlikləri, parlament üzvləri, mərkəzi, yerli idarə orqanları, polis, prokurorluq, məhkəmə, icra nümayyəndələri və digər dövlət məmurları bu iyrənc və qeyri qanuni əməllərə bulaşmışlar. Bütün bu neqativ əməllərin köklü şəkildə vüsət alması cəmiyyətin digər sahələrinə də öz mənfi təsirini göstərmişdir. Hakimiyyət xalqın mənafe və marağlarının həlli istiqamətində bacarıqsız siyasət yürüdərək ölkəmizi iqtisadi böhrana sürükləmişdir.
Uzun illər ölkədə demokratik prezident, parlament, bələdiyyə seçkiləri keçirilməmiş, xalqın haqq və hüquqları tapdalanmış, insanların azad və sərbəst fikir ifadə etmək azadlığı əllərindən alınmış, etiraz hüquqları yasaqlanmışdır. Ölkədə baş verən neqativ əməllərə qarşı çıxan xalq kütləsinin etirazları, eləcə də müxalifət partiyalarının təşkil etdikləri etiraz mitinqləri, aksiyaları polis dəyənəyi və digər təziq vasitələriylə dağıdılmış, etirazçılar döyülərək işkəncələrə məruz qoyulmuş, polis tərəfindən əksər etirazçıların ciblərinə narkotik maddələr qoyularaq cinayyət məsuliyyətinə cəlb edilmişlər. Onlar susdurularaq ədalətsiz və hakimiyyətdən asılı məhkəmələr tərəfindən qeyri qanuni qaydalarla həbs etdirilmişlər.
Ölkədə tüğyan edən korrupsiya, rüşvətxorluq əməlləri özünü təhsildə, tibbidə, hərbi və digər strateji sahələrdə, mədəniyyətdə, idmanda, yol və nəqliyyat sistemlərində, onların təhcizatında, sosial müdafiyədə və yüzlərlə digər dövlət müəsisələrində çox böyük miqdarda maliyyə yeyintilərinə və dağıntılara səbəb olmuş, ölkəni iflic vəziyyətinə salmışdır. Xalqın maddi və iqtisadi durumu acınacaqlı vəziyyətə düşmüşdür.
Hökumətlə çox yaxın əlaqələri olan iri biznes və iş adamları, oliqarxlar, hökumətin içində xüsusi vəzifə və səlahiyyətlərə sahib olan bir çox nazirlər və məmurlar, monopoliya sahibləri, dövlətin gömrük və vergi orqanlarında çalışan sayısız, hesabsız işbazlar ölkəyə idxal etdikləri kənd təsərrüfatı, sənaye, ərzaq və digər malların qiymətlərini iki, üç qat, bəzən beş qat süni qaydada artırmışlar. Bütün bu neqativ hallar xalqın böyük etirazına və narazılığına səbəb olmaqla yanaşı həm də ölkənin daxili ticarət dövriyyəsinin azalmasına, iqtisadi infilyasiya və devalvasiyaya sürükləmişdir.
İqtisadçı-ekspert Qubad İbadoğlu öz Facebook səhifəsində açıqladığı araşdırmasında 2015-ci ildə təkcə Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana 1.6 milyard dollar məbləğində idxalın gömrükdə qeydiyyata alınmadığıni iddia edir və bunu güzgü statistikası metodologiyası ilə əsaslandırır. Beynəlxalq ticarət statistik bazasının informasiyasına əsasən Rusiya, Türkiyə, Gürcüstanın Azərbaycana ixracat məlumatlarını toplamaq mümkündür. İqtisadçı adıçəkilən mənbələrin statistik bilgilərini Dövlət Gömrük Komitəsinin uyğun göstəriciləri ilə müqayisə edib.
Müqayisənin nəticələri göstərir ki, 2015-ci ildə Rusiya Azərbaycana 2 milyard 243 milyon 135 min dollarlıq mal göndərib. Gömrük Komitəsinin rəsmi bilgilərində isə Rusiyadan 1 milyard 437 milyon 901 min dollarlıq mal daxil olduğu bildirilir. Azərbaycana Türkiyədən 1 milyard 899 milyon 508 min dollarlıq mal göndərildiyi halda, 1 milyard 171 milyon 385 min dollarlıq mal rəsmiləşdirilib.
Gürcüstandan göndərilən malların dəyəri 124 milyon 160 min dollar olsa da, Gömrük Komitəsinin bilgilərində bu məbləğ 67 milyon 992 min dollar göstərilir. İqtisadçının qənaətinə görə, Azərbaycanın idxal əməliyyatlarının 3 ölkə üzrə gömrük statistikasının təhlili göstərir ki, 2015-ci ildə bu ölkələr üzrə bütövlükdə fərq 1 milyard 589 milyon 625 min dollardır.
Ölkədə yaranmış mövcud vəziyyəti Meydan TV-yə şərh edən iqtidisadçı Natiq Cəfərli hesab edir ki, problem borcların sürətlə artması və hökumətin borclanma yollarını axtarmasıdır. İqtisadçı deyib ki, bu yaxınlara qədər prezident başda olmaqla rəsmilər dövlət borcunun ümum daxili məhsulun (ÜDM) cəmi 8-9 faizini təşkil etdiyini iddia edirdilər. Rəsmi etirafın müsbət cəhəti rəqəmlərdə anlaşılmanın olmasıdır. Maliyyə Nazirliyinin məlumatında dövlətin aldığı borclardan söhbət gedir. Dünya praktikasında isə ölkələrin borcu konsolidə olunmuş borc şəklində hesablanır. Yəni həm dövlət borcları, dövlət zəmanətiylə alınmış borcları və kommersiya qurumlarının müxtəlif kanallarla cəlb etdiyi borclar.
Dövlət təminatıyla borclar rəsmi göstəriləndən daha çoxdur. Bura SOCAR, AZENERYİ və digərlərinin cəlb etdiyi vəsait daxildir, açıqlamalara görə rəqəm 8 milyarddan çoxdur. Dövlət borcu 6,9 milyard olduğu halda, dövlət zəmanətiylə qəbul olunmuş borclar 8 milyarddan çoxdur. Bundan əlavə Beynəlxalq Bank və və digər bankların 5,7 milyard dollar borcu var. Ancaq bunun nə qədəri Beynəlxalq Banka aid olduğu barədə açıqlama verilmir. Bütün bunları toplayanda Azərbaycanın 20 milyarda yaxın borcu olduğu aydınlaşır. Bu isə ümum daxili məhsulun (ÜDM) təxminən 60 faizini təşkil edir, bu Azərbaycan üçün çox yüksək rəqəmdir.
"Çox maraqlı məqam ondan ibarətdir ki, borcların təxminən 58 faizi 10 ilə qədər ödənməlidir. Amma hansı qrafiklə ödəniləcəyi açıqlanmır. 10 ildən 20 ilə qədər ödənilən borclar isə 33 faiz təşkil edir. Deməli, yaxın 10-20 ildə Azərbaycan borc ödəyəcək və bundan sonra qurulan hökumətlər də borc qaytarmalı olacaqlar. İqtisadçı Natiq Cəfərli bildirmişdir ki, indiki iqtisadi modeldə Azərbaycanın gəlirlərinin aşağı düşməsi və neftdən asılılığı nəzərə alaraq borcların artması təhlükəlidir və əlavə problemlərin yaranması deməkdir".
Xarici borcların həcmində artımların olmasını müsbət hesab etməyən iqtisadçı Vüqar Bayramov hesab edir ki, Azərbaycanın dövlət gəlirlərinin artdığı zamanda xarici borclara heç də ciddi ehtiyac yoxdur. Kredit müqavilələrinin kifayət qədər böyük infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə imzalandığını qeyd edən mütəxəssisin sözlərinə görə, bəzən bir sektor üçün il ərzində müxtəlif maliyyə qurumlarından vəsaitlər alınır: “Lakin həmin sektorda problemlər aradan qaldırılmır. Vəsaitlərə ehtiyac az olsa da, təəssüf ki, bir sıra qurumlar borclanmada maraqlı görünürlər. Məsələ ondadır ki, cəlb edilən xarici kreditlərin böyük əksəriyyətinin qaytarılma vaxtı 2018-ci ildən sonra başlayır. Həmin dövrdə borcların qaytarılması üçün büdcədən pul ayrılması problematik olacaq. Azərbaycanda dövlət gəlirlərinin əhəmiyyətli hissəsini neft və qaz gəlirləri təşkil edir. Halbuki bir neçə ildən sonra neft və qazın dünya bazar qiymətini proqnozlaşdırmaq mümkün deyil”.
01 yanvar 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,894.3 milyon ABŞ dolları 10,751.0 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir. Borc vəsaitlərinin 58.6 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32.9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8.5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
01 yanvar 2016-cı il tarixi vəziyyətinə xarici dövlət borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8.8 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.3 faiz, avro – 20.4 faiz, yapon yeni – 2.5 faiz, BƏƏ dirhəmi – 0.8 faiz, İslam dinarı – 0.6 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə üçün nəzərdə tutulmuşdur.
İqbal Eyvazov