|
“Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik hələ ki səngimir, əksinə, artır. Putinin “Türkiyə təkcə pomidorlarla canını qurtara bilməyəcək” bəyanatının nə mənaya gəldiyini tədricən müşahidə edirik. Rusiya diplomatik və hərbi müstəvilərdə aktiv həmlələrlə Türkiyəni basqı altına almağa çalışır”.
Teleqraf.az xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli feysbuk profilində bölgədə baş verən prosesləri şərh edərkən yazıb. Ş. Cəfərli bildirib ki, Moskva Türkiyənin İraqın şimalındakı hərbi qüvvələrinin çıxarılması tələbi ilə BMT Təhlükəsizlik Şurasını toplantıya çağırıb: “İraq hökuməti isə Türkiyəyə öz əsgərlərini ölkə ərazisindən çıxarması üçün 48 saat vaxt verib və Hərbi Hava Qüvvələrini hazırlıq vəziyyətinə gətirib. Ultimatumun vaxtı bu gün (dünən) dolur. Türkiyənin hazırda İraqın şimalında azı 400 nəfərlik hərbi kontingenti var və onlar yerli kürd, türkmən və sünni ərəb qruplarına hərbi təlim keçir. İraq hökumətinin Türkiyənin üzərinə yeriyəcək cəsarəti özündə tapması xarici faktorla birbaşa əlaqəlidir. İŞİD gələndə bir güllə atmadan şəhər və kəndləri, əllərindəki yüzlərlə tankı, topu, banklardakı külli miqdarda nağd pulu atıb qaçan bu qorxaqlar indi Rusiya və İrana güvənərək Türkiyəyə ultimatum verəcək qədər cəsarətləniblər. Rusiyanın regionda şiələrlə qurduğu taktiki ittifaqın önəmli parçası olan İran isə Türkiyənin əlavə təbii qaza ehtiyac duyacağı halda bu qazı verə bilməyəcəyini açıqlayıb. Çox zəif ehtimal da olsa, Putin qəflətən qazı kəsərsə, Türkiyənin alternativ kimi İrana üz tuta bilməyəcəyi və Tehranın ən azı Moskva qədər güvənilməz tərəfdaş olduğu aydınlaşdı. İsrail isə Türkiyənin alternativ qaz tədarükçülərindən biri ola bilər”.
Rusiyanın paralel şəkildə Suriyada və Aralıq dənizində hərbi mövcudluğunu gücləndirməyə davam etdiyini qeyd edən politoloq qanadlı raketlər daşıyan “Rostov-na-Donu” sualtı qayığının Suriya sahillərinə göndərildiyiniu vurğulayıb: “Moskvanın yunan Kiprində (Aralıq dənizinin şərqi) hərbi baza yaratmaq üçün yenidən təşəbbüs göstərdiyi də bəlli olub. Adanın şimalında Türkiyənin güclü hərbi kontingenti mövcuddur və yunanlar bu disbalansı aradan qaldırmaq üçün Rusiyanın təklifini müsbət qarşılaya bilər, lakin yunan Kiprinin Avropa Birliyinin üzvü olması və ərazisində Britaniyanın (dolayısı ilə NATO-nun) iki hərbi bazasının mövcudluğu Qərbin bu işə müsbət yanaşmayacağını söyləməyə əsas verir.
Bu arada Rusiya NATO-nun Türkiyənin hava hücumundan müdafiəsini gücləndirməsinə və ümumən ittifaqın şərq cinahına əlavə qüvvə yığmasına etirazını bildirib. Ermənistandakı Rusiya aviasiya qruplaşmasının gücləndirilməsi Moskvanın həm NATO-ya, həm də Türkiyəyə qarşı cavab addımlarından biridir. Lakin Ermənistandakı 102-ci Rusiya hərbi bazasının Türkiyəyə ciddi təhdid yarada biləcək potensialı və Türkiyənin həmin istiqaməti qoruyan 3-cü ordusuna üstünlük quracaq imkanları yoxdur. Aralıq dənizində də balans Türkiyə və NATO-nun xeyrinədir”.
Rusiyanın Türkiyə maraqlarına qarşı addımlarının saysız olduğunu qeyd edən Ş. Cəfərlinin sözlərinə görə, onlardan biri də Suriyadakı kürd qruplaşması PYD-yə hərbi dəstəyini artırmasıdır: “Lakin neftin ucuzlaşmağa davam etməsi sözsüz ki, Rusiyanın imkanlarını məhdudlaşdırır və onun ambisiyalarının reallaşmasına mane olacaq faktora çevrilir. Moskvanın öz Suriya siyasətini ölkənin cəmi 14-15 faizini əlində saxlayan Əsədin kreslosundan asılı hala gətirməsi və sünni ərəblərlə əlaqələrinin zəifləməsi isə uzaqgörən strategiya deyil. Suriya əgər bölünməyəcəksə, ölkənin gələcəyində məhz sünni ərəblərin söz sahibi olacağı şübhəsizdir.
Uzaq Latın Amerikasında baş verən hadisələr də diqqətəlayiqdir. Venesuela və Argentina kimi iri dövlətlərdə Rusiyaya yaxın sol iqtidarların məğlubiyyətini qlobal rəqabətdə Moskvanın itkiləri kimi qiymətləndirmək olar. Çavezin, Bolivarın, Çe Gevaranın sümükləri sızıldayır. Braziliyada ciddi korrupsiya əməllərində ittiham olunan solçu prezidentin mövqeləri də ciddi şəkildə zəifləyib”.