|
Yəməndə “ərəb baharı” davam edir. 2011-ci il dalğasında inqilab edə bilməyən yəmənlilər 4 il sonra baharda bu fürsəti əldən qaçırmaq istəmir.
Dünya indi Yəmən Husilərinin qiyamından danışır. Bəs, kimdir bu husilər?
Əslində özlərini “Mömin gənclər” və ya “Ənsarullah” adlandıran Husilər Husiyyə İmamiyyə əqidəsinə bağlı dini təşkilatda birləşiblər. Bu islamı hərəkat əvvəl Zeydiyyə əqidəsi istiqamətində meydana gəlsə də, hərəkatın təsisçiləri daha çox Bədrəddin əl-Husinin fikirlərini əsas götürürlər.
Bədrəddin əl-Husi Zeydi təriqətinin alimi olmasına baxmayaraq, əqidəsinə görə, Zeydiyyə ilə 12 imam şiəliyini yaxınlaşdırmağa çalışıb. Buna görə də bəziləri onu İsna Əşəri kimi, digərləri isə Zeydi kimi qələmə verir. Bədrəddin Əmirullah Hüseyn Məhəmməd əl-Husi 1926-cı il Yəmənin Zəhyan şəhərində anadan olub. 83 il ömür sürən bu Zeydi alim həyatının bir neçə ilini Tehranda keçirib. İsna Əşəriyyə və ya Cəfəri məzhəbindəki hökm səlahiyyətinin Allah tərəfindən təyin edilən bir şəxsə aid olma fikrini qəbul edib. Onun yazdığı kitablarda vəhhabiləri tənqid var.
“Ənsarullah” adlı hərəkatın ilk lideri isə Bədrəddin Husinin böyük oğludur. O, 1956-2004-cü illərdə yaşayıb. Tez-tez İran və Livana səfərlər edib. Sudan respublikasında şəriət elmi üzrə ali təhsil alan Hüseyn ə-Husi ölkədəki zeydilərlə birlikdə 1990-cı ildə Hizbul Haqq Partiyasını yaradıb. 1993-cü ildə ölkənin parlament seçkilərində yüksək səs toplayaraq, məclis üzvü olub. Lakin 1997-ci ildə siyasi səbəblərdən deputat mandatından imtina edərək, Husilər hərəkatını yaradıb. 2004-cü ildə ABŞ və İsrail əleyhinə apardığı təbliğatlar nəticəsində hakimiyyətin təzyiqi ilə qarşılaşıb. Həmin il Yəmən ordusu və Husilər arasında qarşıdurma yaşanıb. Hüseyn Bədrəddin Husi bir neçə tərəfdaşı ilə birlikdə öldürülüb. Yəmən rəsmiləri Hüseyn Husini tərəfdarlarını Livan Hizbullahı tərəfindən silahlandırılmaqda günahlandırır.
Onun qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib. Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elmi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən “əllamə” elmi adına layiq görülüb. O, 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub. 2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanıb.
2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır.
Axar.az