|
“Rusiya Dağlıq Qarabağdan çəkilsə, tam məğlubiyyətini etiraf etmiş olacaq”.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib.
O, Putinin Türkiyə səfərinin nümayişkaranə xarakter daşıdığını bildirib:
“Putinlə Ərdoğanın görüşündə Qarabağ məsələsinə toxunuldu. Yəni Putinlə Ərdoğan Qarabağ məsələsini olduğu kimi dondurulmuş vəziyyətdə saxlamaq qərarı verdilər. Rusiya üçün hələlik bu məsələnin gündəmə gətirilməsi mümkün deyil. Ərdoğan anlayır ki, Rusiya Dağlıq Qarabağdan çəkilsə, tam məğlubiyyətini etiraf etmiş olacaq. Rusiya Ukraynada qələbə çalsaydı, ölkədə dərin böhran olmasaydı, gəlib Azərbaycanı işğal edəcəkdi. Buna şübhə etməyin. Azərbaycan yenidən rus imperiyasının tərkibinə daxil olacaqdı. Amma görürsünüz ki, olmur. Digər tərəfdən isə Putin Ərdoğanın ayağına xahişə getdi. Bunun özü danılmaz faktdır. Rusiyanın xahişi ondan ibarət idi ki, dərin böhran dövründə onunla ticarət əlaqələri artırılsın. Türkiyə isə buna ucuz qaz almaq şərti ilə razılıq verdi. Putin də razılıq verərək, qazı 6% aşağı saldı. Amma eyni zamanda Putinin Türkiyəyə səfəri nümayişkaranə xarakter daşıyırdı. Yəni əslində mahiyyətdə bir şey yoxdur, lakin bu, nümayiş etdirilir. Putin göstərmək istəyir ki, Rusiya hələ tam təcrid olunmayıb”.
Politoloq Rusiya çökməyənə qədər Qarabağ məsələsinin həll olunmayacağını deyib:
“İkinci məsələ ondan ibarətdir ki, Rusiyanın “Cənub axını” layihəsi Qərb tərəfindən sıradan çıxarıldı. Putin göstərdi ki, buna alternativ Türkiyə vasitəsilə qazın ötürülməsidir. Amma Türkiyədən qazı ixrac etmək üçün əvvəlcə gərək Qara dənizin altından boru kəməri çəkilsin. Bunun üçün isə maliyyə olmalıdır. Qərb deyir ki, Putin qaz kəmərindən Avropadan 14 milyardlıq kredit ala bilmədiyinə görə imtina etdi. Türkiyə ilə razılığa gəliblər, amma onun hansı pulla və nə vaxt çəkiləcəyi bəlli deyil. Ona görə də Putinin Türkiyə səfərini düzgün anlamaq lazımdır. Türkiyə onsuz da Rusiyaya əlində olan hər şeyi ixrac edib və bunun üçün müqaviləyə ehtiyac yoxdur. Bizim məsələlərə gəlincə isə Rusiya hələ o vəziyyətdə deyil ki, Ərdoğan onlara ultimatum versin, Moskva da bunu qəbul etsin. Rusiyanın dərdi ondadır ki, bu ölkənin siyasi və iqtisadi sistemi tamamilə yaramazdır. Bunları islah etmək isə ölkəni parçalanmağa aparır. Ona görə də vəziyyətləri çıxılmazdır. Mən dəfələrlə demişəm və indi də söyləyirəm ki, Rusiya imperiyası dağılmayana və onun yerində mütərəqqi bir dövlət yaranmayana qədər Qarabağ məsələsi həll olunmayacaq”.
V.Quluzadə “Cənub axını” proyektinin ləğvi ilə Avropanın Ukraynanı xilas etdiyini vurğulayıb:
““Cənub Axını”nı ləğv etməklə Avropa Rusiyaya Ukraynanı boğmağa imkan vermədi. Əgər bu layihə həyata keçsəydi, Rusiya öz qazını Ukraynadan kənar keçməklə Avropaya ötürərdi. Bu proyekt alınmadığına görə Rusiyanın qaz ixracı üçün bircə yolu var. O da ki Ukraynanın üzərindən keçir. Deməli, Moskva bununla Kiyevdən asılı vəziyyətə düşür və bununla Ukraynaya qaz verməyə məcbur olur. Qara dənizin dibindən Türkiyəyə kəmər çəkməsi məsələsi isə hələlik nisyə söhbətdir”.