Seymur Baycan 

Bir nəfər yaxın tanış kəndlərindəki pir haqqında ətraflı söhbət elədi.

 Pirin tarixini danışdı. Dedi dəhşət hərəkət, çox gur gəliş-gediş var pirə...

Niyə də olmasın. Bunun üçün bütün münbit şərait yaradılıb. Təhsil biabırçı gündə. Səhiyyə biabırçı gündə.

Oğlu əsgərlikdən qayıdır - qurban kəsir. Uşaq doğulur - qurban kəsir. Əməliyyatdan çıxır - qurban deyir. Uşaq orta məktəbi bitirir - qurban kəsir. Uşaq universitetə girir - qurban kəsir. Uşaq işə düzəlir - qurban deyir. Hansısa idarədən arayış alır - nəzir deyir. Yol polisi saxlayır - nəzir deyir. Gömrükdən keçir - nəzir deyir. Uşağa bağça tapır - nəzir deyir. 

Ətraf  təhlükələrlə, çətinliklərlə  doludu. Sistemə inam yoxdu. Halbuki sistem bir balaca normal işləsə, ədalət bir balaca bərqərar olsa, təhsil və səhiyyə bir balaca qaydasında olsa, bu qədər qurban kəsməyə, bu qədər nəzir deməyə ehtiyac yaranmaz. 

Məhkəmələr azad deyil. Mülkiyyət toxunulmazlığı sözünü eşidəndə adamlar yerə yıxılıb qarınları cırılıncaya qədər gülürlər.  Hər an evini başına uçura, var-yoxunu tutub əlindən ala  bilərlər. Adamlar qorxu içində yaşayırlar. Hələ üstəlik böyük əksəriyyət də qorxulu, təhlükəli, riskli  işlərlə məşğuldurlar. Hələ bunun Rusiyada yaşayanları var. Onlar da orda nə qədər qurban deyirlər, nəzir deyirlər. Ölkəyə gələndə bölgəyə uyğun olaraq hərə öz inandığı pirinə, ziyarətgahına gedib borcunu yerinə yetirir. Hələ nə qədər adamın banklara borcu var. Bankları qoyaq bir tərəfə, ölkənin yarısı yarısına pul borcludu. Qayda-qanun, sənəd-sünəd, kitab-dəftər yox dərəcəsindədi.

İş və vəziyyət o yerə çatıb ki, məhkəmədə hüquq müdafiəçisi hakimə Allahı, o dünyanı, qıl körpüsünü, qır qazanını xatırlatmağa məcbur olub. Qanun qalıb kənarda, hüquq müdafiəçisi hakimi allahlı  hərəkət etməyə, allahlı qərar çıxarmağa səsləyir. Belə də olmalıdı. İnsanların əli yerdən üzüləndə avtomatik olaraq göyə tərəf uzanır.

Azad və ədalətli məhkəmə, qayda-qanun olmayan yerdə adamlar bir-birlərini Allaha tapşırmağa məcburdular. Azad və ədalətli məhkəmə olmayan yerdə adamlar bir-birlərini Allaha tapşırmasınlar bəs nə etsinlər?  

Conatan Svift “Qulliverin səyahəti” əsərində o vaxtki İngiltərə haqqında yazır: 

“İngiltərədə hər bir vəkil, demək olar ki, hələ beşikdə ikən haqsızlığı müdafiə etməyə öyrəşmişdir. Buna görə də o, haqlı işi müdafiə etdikdə, özünü çox pis bir vəziyyətdə hiss edərək, lazımı qədər qüvvə və məharət göstərə bilmir.  Bundan başqa, o, son dərəcə ehtiyatlı olmalıdır ki, haqq işi müdafiə etdikdə, həddindən artıq coşqunluq göstərməsin.

Belə olarsa, o, məhkəmə hakimləri tərəfindən töhmət alar və öz təbəqəsinin ləyaqətini alçaltmış olar. Bizim məhkəmələrdə hər iki çəkişən tərəf müflis olmayınca, məhkəmədə iş qurtarmır”. 

Conatan Sviftin o vaxtın İngiltərəsi üçün yazdıqları indi bizim ölkənin reallığını əks etdirir. Yuxarıda yazılanlar bizim üçün çox aktualdı.  Biz məhkəmələrin ədalətsizliyinə o qədər alışmışıq ki, məhkəmələr hətta ədalətə oxşar, ədalətfason qərar çıxaranda qorxuruq. Şübhələnirik. Gözlərimizə inanmırıq. Hətta ağlımıza müxtəlif fikirlər gəlir. Görəsən, bu işin arxasında hansı hiylə, hansı biclik dayanır.

Qanunların işləməməsini, ədalətin olmamasını qoyaq kənara. Ölkədə cəhalət və fanatizm özünün çiçəklənmə dövrünü yaşayır. Hakimiyyətin daxili və xarici siyasətinin nəticəsində fanatizm və cəhalət sürətlə yayılmaqdadı. Normal bir elmi jurnal yox. Normal bir səviyyəli qəzet yox.

Universitetlər, məktəblər, uşaq bağçaları biabırçı gündədir. Tibb universitetində verilən təhsillə, keçirilən dərslərlə ən yaxşı halda mal həkimi olmaq mümkündü.

Jurnalistika fakültəsinin tələbələri Haqverdiyevi tanımırlar. Ola bilsin kimlər üçünsə bu o qədər də faciəli fakt deyil, amma ölkənin və xalqın aqibətini düşünən adamlar bu faktı faciə kimi qəbul etməlidirlər.

Televiziyalar müğənnilər, falçılar, cin çıxardanlar, yuxu yozanlar və digər bu kimi işlərlə məşğul olan adamlar tərəfindən işğal edilib. Normal bir ciddi maarifçi veriliş yoxdur ki, adamlar heç olmasa efirdən bir düz-əməlli, ağıllı söz eşitsinlər.

Gənclər arasında intellektin, təfəkkürün inkişafına səbəb olacaq müsabiqələr keçirilmir.

Keçiriləndə də xala xətrin qalmasın, quş qoymaq üçün keçirilir. Təşəbbüslər boğulur. İnsanlara öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verilmir. Siyasi baxışlarına görə insanlar ayrı-seçkiliyə məruz  qalırlar. Nəticədə bir xeyli insan öz potensiallarını, qabiliyyətlərini ölkənin və xalqın inkişafına sərf edə bilmir.

Sadalanan və sadalanmayan bu kimi faktlar pirlərin, ziyarətgahların daha da populyarlaşmasına rəvac verir.  Sayları da günü-gündən artmaqdadı. Rayonlar, kəndlər, qəsəbələr artıq pirlərlə, ziyarətgahlarla tanınır. Haqsızlığın hökm sürdüyü, qanunların işləmədiyi, idmançıların, müğənnilərin, falçıların, cinçıxaranların  qəhrəmana çevrildiyi, cəhalətin günü-gündən daha sürətlə yayıldığı bir yerdə adamlar daşa-ağaca inanmayıb bəs nəyə inansınlar?

Qayıdaq yazının əvvəlinə. Tanışım dedi ki, pirə o qədər gəlib-gedənin olmasına baxmayaraq kəndin yolları biabırçı gündədi.  Camaatın oturub bir tikə çörək yeməsi, bir stakan çay içməsi üçün təmiz, səliqəli bir kafe yoxdu. Qərəz, onun söhbətindən belə başa düşdüm ki, sözügedən pir rayonda ən hərəkətli, ən funksional, ən çox inanılan, ən çox hörmət qoyulan yerdi.

Onda belə bir mənzərə yaranır.

Əgər adamlar idarələrdən, bələdiyyələrdən (məsələn) daha çox pirə inanırsa, qoy o zaman pirlər də idarələrin, bələdiyyələrin görməli olduqları  işləri görsünlər. Adamların inamlarını hərtərəfli doğrultsunlar. Həm fiziki, həm də mənəvi. Yolları təmir etsinlər. Uşaq bağçaları tiksinlər. Gedişli-gəlişli bir pir üçün  bir uşaq bağçası tikmək, iyirmi-otuz uşağı yedizdirmək, geyindirmək heç nədi. Ya da məsələn, iyirmi-otuz tələbəyə təqaüd versinlər. Pirləri və ziyarətgahları idarə edən adamlar bu kimi faydalı işlərlə məşğul olsalar, Allaha da xoş gedər, bəndəyə də.

Həm də mənim kimi boş-bekar adamların səsi kəsilər. 

Qafqazinfo.az

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti