|
Ukraynanın şərqində gedən hərbi əməliyyatlarda ötən həftədən etibarən separatçılar, yaxud Rusiyadan dəstək alan “özünümüdafiə qüvvələri” əks-hücuma keçərək müharibənin gedişini kəskin şəkildə öz xeyirlərinə dəyişdirdilər.
Ukrayna Silahlı Qüvvələrinin komandanlığının buraxdığı səhvlər, könüllülərdən ibarət batalyonların parakəndə fəaliyyəti və separatçılara Rusiyadan nizami qoşun hissələrinin köməyə gəlməsi bir neçə istiqamətdə strateji məntəqələrin separatçıların nəzarətinə keçməsinə və Ukrayna ordusunun az qala 10 minlik hərbi birləşməsinin mühasirəyə düşməsinə səbəb olub.
Mətbuat yazır ki, Ukrayna ordusunun əsas döyüş hissələrinin mühasirəyə alınması ilə nəticələnən bu əks-hücum əməliyyatlarının planını Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında hazırlayıblar.
Özü də planı hazırlayanlar II dünya müharibəsi zamanı Hitler ordusunun birləşmələrinin Ukrayna-Belarus cəbhəsində mühasirəyə alınaraq darmadağın edilməsi taktikasından istifadə ediblər.
Donbasda gedən döyüş əməliyyatlarının gedişini təhlil edən hərbi analitiklərə görə, hər şey Ukrayna ordusunun yaxşı planlaşdırılmamış və separatçıların qüvvələrini mühasirəyə almağa hesablanmış hücum əməliyyatları ilə başladı. Düşmənin qüvvələrini mühasirəyə almaq müharibələrdə həmişə maksimal nəticələr verir, ancaq bir şərtlə ki, hücuma keçərkən özün mühasirəyə düşməyəsən.
Ukrayna Silahlı Qüvvələri (bura həm Milli Qvardiya, həm nizami ordu hissələri, həm könüllülər batalyonları daxildir) iyun-iyul aylarında separatçıların nəzarətində olan bir neçə şəhərə nəzarəti ələ ala bildi və daha sonra nisbətən uğurlu hücum əməliyyatlarını davam etdirərək ölkənin şərqindəki iki əsas şəhəri - Luqanskı və Donetski mühasirəyə aldı.
Həmçinin Ukrayna qüvvələri Donetsk yaxınlığındakı strateji əhəmiyyətli Sahur-Moqila yüksəkliyinə nəzarəti ələ alaraq Rusiyadan separatçıların köməyinə gələn hərbi kalonlara zərbə endirə bilirdi.
Belə görünürdü ki, Ukrayna Silahlı Qüvvələri növbəti dəfə gücünü toplayıb həlledici hücuma keçsəydi, separatçıların heç bir şansı qalmayacaqdı.
Lakin Donetski və Luqanskı mühasirədə saxlayan Ukrayna ordusu bu şəhərləri separatçılardan təmizləmək üçün hücum əməliyyatına başlamağa risk etmədi. Bunun bir neçə səbəbi var.
Birincisi, Ukrayna ordusu bu cür iri şəhərləri geri almaq üçün irimiqyaslı hücum əməliyyatı aparacaq gücdə deyildi. İkincisi, hücum mülki əhali arasında çoxsaylı itkilərlə müşayiət olunacaqdı. Üçüncüsü, Ukrayna Baş Qərargahı hesablamışdı ki, separatçılar mühasirədə çox davam gətirə bilməyəcəklər və əgər Rusiyadan köməyin gəlməsini bir müddət əngəlləmək mümkün olsa, onların təslim olmaqdan başqa yolu qalmayacaq.
Ancaq ukraynalı generalların taktiki səhvləri ucbatından Donetsk vilayətinin Rusiya ilə sərhədinə yeridilən və separatçıları mühasirəyə almağa çalışan bir neçə minlik hərbi qüvvə özü mühasirəyə düşdü. İyulun sonlarından başlayaraq Rusiya ilə sərhəddə mühasirəyə alınan, yaxud “katyol”a salınan Ukrayna ordu hissələri qeyri-bərabər döyüşlərdə ağır itkilər verməyə başladı.
Donetsk vilayətinin Rusiya ilə sərhədi boyu Ukrayna ordusunun üç briqdası və sərhəd xidmətinin qüvvələri mühasirəyə alınmışdı. Ukrayna Baş Qərargahı Rusiya ilə sərhəddə mühasirəyə alınan qüvvələri oradan çıxara bimək üçün heç nə edə bilmədi.
Mühasirə avqustun 7-8-nə qədər davam etdi, Ukrayna ordusunun qüvvələri mühasirədən çoxsaylı canlı qüvvə və texnika itirməklə, darmadağın olunmuş vəziyyətdə çıxa bildi. Onlarla hərbi texnika hərbi qənimət kimi separatçıların əlinə keçdi. Həmçinin Rusiyadan Donetsk separatçılarına hərbi köməyin göndərilməsi daha da asanlaşdı.
Qənimət kimi ələ keçirilən çoxsaylı tankların və artilleriya qurğularının, habelə Rusiyadan gələn köməyin sayəsində separatçılar Ukrayna ordusunun Donetsk vilayəti ilə Luqansk vilayətini bir-birindən təcrid etməyə yönəlmiş ikinci hücum əməliyyatının qarşısını ala bildilər. Üstəlik hücum edən Ukrayna qüvvələrinin iri birləşmələri mühasirəyə alındı. Avqustun 13-15-dən etibarən cənub istiqamətində yaradılan mühasirə həlqəsində Ukrayna ordusunun iki briqadası, könüllülərdən ibarət bir neçə batalyon indiyədək qalmaqdadır.
Paralel olaraq separatçılar gözlənilməz hücum əməliyyatı həyata keçirdilər - Rusiyadan yeridilən zirehli texnika və desantçıların köməyi ilə onlar cənub-qərb istiqamətində hərəkət edərək Azov dənizi sahilindəki Novoazovsk şəhərini tutdular. Bununla da Ukrayna ordusunun daha bir neçə birləşməsi və könüllülər batalyonu növbəti mühasirə həlqəsinə düşdü. Amvrosiyevsk ətrafında yaradılan mühasirə həlqəsində 3 briqada, könüllülərdən ibarət “Azov” və “Dnepr” batalyonları qaldı.
Separatçıların və onlara köməyə gələn elit Rusiya qüvvələrinin cənub-qərb istiqamətində, Mariopol şəhərinə doğru hücumu nəticəsində könüllülərdən ibarət Odessa və Prikarpatye batalyonları öz mövqelərini tərk edərək qaçdı. “Azov” batalyonunun mühasirəyə düşməyən bölmələri isə Mariopola doğru geri çəkildi.
Əslində yüngül silahlarla silahlanmış və həmişə Ukrayna SQ Baş Qərargahını onlara kömək göndərməməkdə ittiham edən könüllülər batalyonlarının rus desantçıları və tankları qarşısında müqavimət göstərmək imkanları da yox idi.
Nəhayət, cənub istiqamətində Donetsk separatçılarının qüvvələrinin hücumları nəticəsində daha bir mühasirə həlqəsi yaradıldı. Novotroitski və Volnovaxa rayonları istiqamətində yaradılan mühasirə həlqəsinə Ukrayna ordusunun 51-ci briqadasının ikinci batalyon taktiki qrupu, könüllülərdən ibarət “Şaxtyorks” batalyonu qalmaqdadır.
Bununla da Donetskdən cənubda yaradılan üç mühasirə həlqəsində Ukrayna ordusunun 7 minlik canlı qüvvəsi, yüzlərlə hərbi texnikası qalır. Daha bir mühasirə həlqəsi isə Mariopol şəhəri ətrafında yarana bilər. Hazırda separatçılar rus desantçılarının köməyi ilə Mariopola doğru şimal və qərb istiqamətlərindən irəliləyirlər. Əgər mühasirə həlqəsi qapansa, orada Ukrayna silahlı qüvvələrinin daha 2 minlik qüvvəsi və 100-ə yaxın hərbi texnikası qala bilər.
Əgər Luqansk vilayətində mühasirədə olan qüvvələr də nəzərrə alınarsa, hazırda Ukrayna ordusunun mühasirədəki canlı qüvvəsi 10 mini keçir. Özü də onlar əsas döyüşkən qüvvələrin özəyini təşkil edir. İndiyədək verilmiş itkiləri də nəzərə almaqla Ukrayna ordusunun yaxın günlərdə üçdə birini itirəcəyi istisna deyil.
Əvvəlcə separatçılardan canlı qüvvə və texnika sarıdan bir neçə dəfə üstün olan Ukrayna ordusunun üstünlüyü hazırda kəskin azalıb. Belə ki, Ukrayna qüvvələri hazırda 45-50 minlik canlı qüvvəyə malikdir (mühasirədəkilər də nəzərə alınmaqla), separatçılar isə artıq 20-25 minlik orduya, yüzlərlə tanka və digər hərbi texnikaya malikdir.
Əgər Rusiyadan onlara bir ucdan hərbi köməyin daxil olmasını, Ukrayna ordusunun isə verilən itkilərin yerini doldura bilmədiyini nəzərə alsaq, o zaman yaxın zamanda qüvvələr nisbətinin separatçıların xeyrinə dəyişməsi qaçılmaz olacaq.
Rusiya prezidenti Vladimir Putin ötən həftə separatçılara müraciət edərək mühasirədəki Ukrayna hərbçilərini “humanitar dəhlizlə” buraxmağa çağırıb. Separatçılar bu çağırışı dəstəkləyiblər, ancaq bir şərtlə: Ukrayna qüvvələri ancaq silahlarını təhvil verib mühasirədən çıxa bilər.
Belə görünür ki, Ukrayna SQ Baş Qərargahı hələlik bu alçaldıcı şərti qəbul etməyə tələsmir.
Digər tərəfdən, Ukrayna ordusunun öz bölmələrini yeni texnika ilə təchiz etməsi də getdikcə çətinləşir. Hərbi əməliyyatlara cəlb edilmiş döyüş texnikasının əksəriyyəti ya sıradan çıxıb, ya uzunmüddətli təmirə ehtiyacı var. Yaxud separatçıların əlinə keçib.
Ukrayna rəhbərliyi 23 illik müstəqillik dövrü ərzində ordu quruculuğuna vaxt ayırmayıb və sovet dövründən ölkənin hərbi anbarlarında qalan texnika, sursat ehtiyatlarını xaricə satmaqla məşğul olub. Ukrayna sovet ordusunun anbarlarında qalan hərbi texnika və sursatı Azərbaycan da daxil bir çox ölkələrə satmaqla dünyanın iri silah ixracatçıları arasında yer alırdı.
Nəticədə istifadəyə yararlı tankların, döyüş maşınlarının, artilleriya qurğularının əksəriyyəti satılıb. Bu səbəbdən separatçıların qüvvələrinin artdığı bir vaxtda Ukrayna ordusunu sursat və texnika ilə təchiz etmək imkanları tükənir.
Üstəlik canlı qüvvə sarıdan da qıtlıq hiss edilir. Hazırda Ukrayna rəhbərliyi döyüşə milis bölmələrini, dənizçiləri və digər qeyri-profil hissələri göndərməyə başlayıb. Elan edilmiş səfərbərlik isə istənilən nəticəni vermir.
Digər tərəfdən, döyüşə göndərilənlərin qaçması halları sistemli xarakter alıb. Ona görə də Ukrayna ordusunun döyüş əməliyyatlarının gedişini öz xeyrinə dəyişmək şansı da qalmayıb.
Üstəlik Ukrayna hərbi komandanlığının bir-birinin ardınca yol verdiyi taktiki səhvlər və döyüş əməliyyatlarının əksər hallarda nizamsız, yaxşı planlaşdırılmadan aparılması hadisələrin sonrakı inkişafının ancaq Kiyevin ziyanına olacağını göstərir.
Əksinə, separatçıların son hücum əməliyyatlarını planlaşdıranların əsl strategiya ustaları olduqları görünür. Separatçıların Azov dənizi istiqamətində avqustun ortalarından başlayan və Ukrayna ordusunun üçdə birinin mühasirəyə alınması ilə nəticələnən hücumları şübhəsiz ki, hərb dərsliklərinə salına biləcək nəticədir.
Vaxtilə sovet marşalı Georgi Jukov Hitlerin hücum edən qoşunlarını bu cür hiyləgər taktika ilə əks-hücuma keçib mühasirəyə sala və darmadağın edə, beləliklə də müharibənin gedişini dəyişdirə bilmişdi. /Virtualaz.org/