|
Adil Qeybulla: “Çek-up müayinəni, ilkin yardımları, təcili əməliyyatları sığorta paketinə daxil etmək mümkündür”
“2017-ci ilin yanvar ayında Mingəçevir və Yevlax şəhərində icbari tibbi sığortanın pilot tətbiqinə başlanılacaq”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev azvision.az-ın suallarını cavablandırarkən deyib. Azərbaycanda 16 ilə yaxındır ki, icbari tibbi sığortanın bazası yaradılsa da, təəssüflər olsun ki, bu, tətbiq olunmur. Dünyanın demək olar ki, bütün ölkələrində icbari tibbi sığorta mövcuddur. Azərbaycanda isə bu, hələ də mövcud deyil.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bunun həyata keçməməsinə bir neçə amilin səbəb olduğunu dedi: “Əslində bu, genefondun qorunması istiqamətində olan bir proqramdır. İcbari tibb sığorta ilə bağlı 1999-cu ildə prezident fərmanı olsa da, indiyədək həyata keçirilməyib. Buna bir neçə amil mane olur; əhalinin maaşlarının yetərincə olmaması, Azərbaycan əhalisinin böyük hissəsinin miqrasiya durumunda olması, Qarabağ problemi, daxili problemlər və s. Bu gün insanlar icbari tibbi sığortalarının olmamasından əziyyət çəkirlər. Hər bir vətəndaş sığorta vəsiqəsi ilə təmin olunmalı və bu, ilk növbədə təxirəsalınmaz yardımı əhatə etməlidir. Çek-up müayinəni, ilkin yardımlari, təcili əməliyyatları sığorta paketinə daxil etmək mümkündür. Əhalinin gəlirləri çoxaldıqca, iqtisadiyyatda artım olduqca, dövlət büdcəsindən ayırmalar artdıqca tibbi xidmətin səviyyəsini və xidmətlərin sayını da artırmaq mümkün olar”.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, icbari tibbi sığorta ilə bağlı qaranlıq qalan məsələlər çoxdur: “2016-cı ilin dövlət büdcəsi hazırlanarkən icbari tibbi sığorta ilə bağlı cəmiyyətə mesajlar verilmişdi və bu istiqamətdə 2016-cı ildə işlərin tamamlanacağı deyilmişdi. Amma hələ də bu işlər yekunlaşmayıb. 2016-cı ildə bu sahədə yalnız təhlillərin aparılması mümkün olub. Hazırda ölkənin səhiyyə sisteminin maliyyələşmə mexanizmləri ilə bağlı problemlər var. Buradakı mürəkkəb məsələlərdən biri odur ki, ölkənin səhiyyə sistemi, faktiki olaraq dövlət sektoru ödənişsiz fəaliyyət göstərir. Dövlət büdcəsindən səhiyyə müəssisələrinin fəaliyyətinin təmin olunması üçün vəsait ayrılıb. Bu müəssisələr ödənişsiz xidmət göstərirlərsə, icbari tibbi sığorta ödənişləri hansı formada icra oluna bilər? Əhalinin aztəminatlı və konkret olaraq müəyyənləşdirilmiş sosial qrupları üzrə icbari tibbi sığortanın dövlət vəsaitləri hesabına ödənilməsi təmin olunacaq. Yəni qaranlıq qalan məsələlərdən biri budur ki, insanlar bu xidmətlərdən necə ödənişsiz istifadə etsin. Dünya ölkələrində sığorta fondları vəsaitlərinin daha səmərəli və qənaətlə istifadə edilməsi məqsədilə daha keyfiyyətli və dayanıqlı xidmət göstərən tibb müəssisələrinin xidmətlərindən istifadə etməyi məsləhət görür. Bunun nəticəsində tibb müəssisələri arasında rəqabət mühiti dərinləşdi ki, bu da ölkələr üzrə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətlərini müsbətə doğru dəyişdi. Azərbaycanda dövlət səhiyyə sektorunda rəqabət mühiti kifayət qədər məhduddur. Bu baxımdan, düşünürəm ki, hazırkı planlaşmada nəzərdə tutulduğu kimi icbari sığortanın yalnız qeydiyyatda olan səhiyyə mərkəzlərində ilkin tətbiqi mürəkkəb olacaq. Mühüm məqamlardan biri də vətəndaşların hazırkı situasiyanın dəyişilməsinə inamının az olmasıdır. Belə ki, sığortası olan vətəndaşlar belə dövlət sektorunda hansısa bir tibbi xidmətdən istifadə etdikdən sonra ödəniş etməlidirmi? Axı bu sahədə fəaliyyət göstərənlərin əmək haqları kifayət qədər aşağıdır. Sizcə, bu əmək haqqı qarşılığında həkimlər, tibb bacıları vətəndaşa keyfiyyətli xidmət göstərəcəkmi?
Bundan başqa, xəstənin bir tibb müəssisəsindən digərinə köçürülməsi zamanı tibbi sığortadan necə istifadə ediləcək, ödəniş müəssisələr arasında necə əlaqələndiriləcək kimi sualların cavabı da qaranlıqdır. Digər mühüm bir məsələ isə əmək fəaliyyəti ilə bağlıdır. Çox zaman insanlar əmək müqaviləsi olmadan fəaliyyət göstərirlər ki, bu da icbari tibbi sığortanın qarşısında olan əngəllərdən biridir".
musavat.com