|
Xəzər rayon Mərdəkan qəsəbəsində bar sahibinin Azərbaycan bayrağının barın qarşısından asması sakinlərin qəzəbinə tuş gəlib.
Teleqraf.az-a yazaraq öz etiraz səsini ucaldan Vüqar Əmirov bildirib ki, bayrağın şəklini çəkdiyi üçün onu ölümlə təhdid edirlər.
Vüqar Əmirovun saytımıza ünvanladığı yazını olduğu kimi təqdim edirik:
“Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən makoronnu bağlarında əxlaqsız yuvanın qarşısından Azərbaycan bayrağı asılıb. Oranın sahibi, qaçqın adından istifadə edən Tahir adlı şəxs 5-6 nəfər əxlaqsız qadını "Alisa" barda işlədir. Mən barın qarşısından asılan Azərbaycan bayrağının şəklini çəkdiyimə görə, bu gün mənim evimə zəng edərək ölümlə hədələyir və prokurorluğa gedib məni oğurluqla şərləyəcəklərini bildiriblər. Mən bu haqda 102 polis xidmətinə müraciət etmişəm. Məsələ ondadır ki, onların arxasında Mərdəkan 1ci polis bölməsinin polis kapitanı ərazinin sahə müvəkkili Əlustun dayanır. Onlar həmin barın qarşısında həm də qeyri-qanuni küçə alveri edib benzin satırlar və həmin obyekt bağlar mastivində yerləşir. Orada Tahir və oğlu Elsun hektarla yeri zəbt edib, deyir ki, təzə yol çəkildiyinə və o yerlər plana düşdüyünə görə Cənab prezidentdən pul alacam. Mən bir Vətənpərvər kini bu işlərə biganə qalmayıb istəyirəm ki, səsimi Dövlətimə çatdırım. Bütün güç orqanlarından Xahiş edirəm sizin vasitənizlə ki, bu işlərə biganə qalmayıb qaçqın adından istifadə edib Tahiri oğlu Elsunu , Elsevəri və sahə müvəkkili Əlustun cəzalandırsınlar. Qoy onlar bilsin ki, Dövlətimizə xəyanət etmək olmaz! Qaçqın adından istifadə etmək olmaz. Xahiş edirəm orada gəlib çəkiliş edəsiniz. Mən özümü təhqir olunmuş sayıram ki, bayrağımız “Alisa” barın qarşısına taxılıb.”
Teleqraf.az-ın əməkdaşı “Alisa” barın sahibi olduğu iddia edilən Cəfərov Elsunla əlaqə saxlayaraq məsələ ilə bağlı onun münasibətini öyrənib. Elsun Cəfərov Azərbaycan bayrağını yanacaq satdığı obyektin qarşısından asdığını deyərək Vüqar Əmirovun ona böhtan atdığını bildiridi: “ Mənim işlətdiyim musiqili kafedir, orada əxlaqsız qadın olmur. İki nəfər qadın işçim var, onların da biri işə gəlir. Sadəcə olaraq Vüqar Əmirov özünü jurnalist kimi təqdim edərək məndən pul tələb edirdi. Mənim də ona veriləsi pulum olmadığı üçün o mənim haqqımda bu cür rəy formalaşdırır.” Bütün bunların böhtan olduğunu deyən Elsun Cəfərov Vüqar Əmirovu ölümlə hədələmədiyini də bildirdi.
Samir