|
“Məktəb illəri insan ömrünün ən gözəl və qayğısız çağlarıdır. Lakin qayğısız o demək deyil ki, bütün günü vaxtını boş keçirəsən”
Bu sözləri axar.az-a Suraxanı rayonu 316 saylı məktəbin şagirdi Yusif Quliyev deyib. O, son zamanlar şagirlərin imtahanda zəif nəticə göstərmələri, vaxtlarını daha çox küçələrdə keçirmələrinə irad tutaraq, dələduzluq və narkomaniyaya qoşulmalarından narahat olduğunu vurğulayıb:”Heç bir şagirdə haqq qazandırmaq olmaz ki, asudə vaxtını səmərəli keçirmək üçün şəraiti yoxdur. Zəmanəmizdə bunun üçün kifayət qədər şans var. Yetər ki şagirdlər az da olsa telefon və komputer qarşısından uzaqlaşsınlar və gələcəkləri barədə düşünsünlər. Bu gün orta məktəblərdə şagirdlərin çoxu dərs oxumur, vaxtlarını internet klublarda, çayxanalarda, ya da müxtəlif qeyri düzgün əməllər icra etməkdə keçirirlər. Ona görə də get-gedə azyaşlıarın həbs olunması, manyak cildində məktəbliləri qorxutması xəbəri ilə qarşılaşırıq
Yusif deyir ki, vaxtilə o da zamanını boş keçirirmiş. Dərsdən sonra komputer arxasından ayrılmır, bu da ona pis təsir edirmiş. Lakin ailəsinin təkidi ilə o, musiqi məktəbinə yazılır. Ailəsinin məsləhət bildiyi peşəni öyənməyə məcbur edilir. Saz çalmağa başlasa da bacarmır. Sonra oturub ciddi qərar qəbul etmək istəyir və özünü tanımağa çalşır. Bu zaman onun öz içindəki gizli bacarığını özü ortaya çıxardır. Belə ki, saz deyil qarmon çalmaq istəyini özünə inandırır. Beləcə illərdir musiqi məktəbinin ən sevimli şagirdinə çevrilir.
“Mən hazırda Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin sonuncu sinfindəyəm, orta məktəbin isə 8-ci sinfində. Deməli indiyə qədər musiqi məktəbinə getməklə ancaq qazanmışam. Özümə ikinci peşəni. Ali məktəbə tam hazırlaşmaq üçünsə qarşıda 3 ilim var. Demək istəyirəm ki, şagirdlər özlərini kəşf etsinlər, zaman axır, biz isə dayanıb onun necə axdığına tamaşa etməli deyilik. Zamanla birlikdə irəliləməliyik. Şagirdlər dərs oxusun, qalan vaxtını isə hansısa peşəni öyrənməyə sərf etsinlər. Bu onların gələcəklərinin sığortası olacaq!”