|
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İlk olaraq ön cəbhədə şəhid olan hərbi qulluqçuların ruhları bir dəqiqəlik sükutla yad edilib.
Şura sədri, millət vəkili Azay Quliyev gündəliyə rəhbərlik etdiyi qurumun 2016-ci ilin birinci rübündəki fəaliyyəti haqqında hesabat, Şura üzvlüyünə keçirilən seçkilərin nəticələri, cari ilin birinci maliyyə müsabiqəsinin nəticələri, ikinci maliyyə müsabiqəsinin mövzu istiqamətləri, Şuraya təqdim edilən müsabiqədənkənar layihələrin qiymətləndirilməsi və digər məsələlərin daxil edilməsini təklif edib. Gündəlik yekdilliklə bu ardıcıllıqla təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2016-cı ilin I rübündə Şuranın Əsasnaməsinə uyğun olaraq QHT-lərə Dövlət Dəstəyinin bütün istiqamətləri üzrə fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Cari ilin yanvar ayında Şamaxı, Şabran və Qəbələ rayonlarında regional QHT nümayəndələrinin iştirakı ilə səmərəli idarəçilik mövzusunda təlimlər keçirilib. Mart ayında 200-dək QHT-yə illik maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi ilə bağlı məlumatlandırma sesiyası təşkil olunub. Şura eyni zamanda qhtxeber.az saytı vasitəsi ilə QHT-lərə təmənnasız informasiya dəstəyini də davam etdirib. 2016-cı ilin birinci rübündə beynəlxalq korpusun təmsilçiləri ilə Şurada keçirilən görüşlərdə QHT sektorunun vəziyyəti, qarşıda dayanan mövzular haqda müzakirələr aparılıb.
Fərasət Qurbanov mart ayında Şura üzvlüyünə açıq və şəffaf şəkildə seçkilərin keçirildiyini və səsvermənin nəticəsinə əsasən 8 qrupun hər biri üzrə ən çox səs toplayan 3 nəfərin sənədlərinin yaxın günlərdə dövlət başçısına təqdim olunacağını bildirib.
Katibliyin icraçı direktoru Şuranın 2016-cı il birinci maliyyə müsabiqəsinə QHT-lərin 660 layihə göndərdiyini, bunlardan 110-nunun təqdim etdiyi layihə sənədləri tələblərə cavab vermədiyindən texniki seleksiya mərhələsini keçmədiyini qeyd edib. 550 QHT-nin layihəsi isə ekspertizaya təqdim olunub. Hər bir layihə 3 müxtəlif ekspert tərəfindən qiymətləndirilib. Şura 40 balı keçid balı kimi müəyyənləşdirib. F.Qurbanov ekspertizada yüksək bal toplayan və maliyələşdirilməsindən imtina olunması tövsiyyə olunan bütün layihələrin detallı şəkildə ictimai müzakirəsini keçirməyə hazır olduqlarını vurğulayıb.
F. Qurbanov gündəlikdə dayanan 2016-cı il ikinci maliyyə müsabiqəsinin mövzu istiqamətləri, şərt və qaydaları ilə də bağlı ətraflı məlumat verib.
Şura üzvləri Tahir Süleymanov, Dilarə Vəliyeva, Əliməmməd Nuriyev, Sahib Məmmədov, İlqar Məmmədov, Rəna Mirzəzadə və Vüqar Qədirov çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər.
Şura müsabiqənin nəticələri ilə bağlı müzakirələri yekunlaşdıraraq 40-dan çox bal toplamış 277 layihənin maliyələşdirilməsini qərar alıb. 273 layihə isə 40-dan az bal topladıqlarına görə müsabiqədən kənarda qalıb. Hər iki siyahı Şuranın internet resurslarında yerləşdiriləcək.
Gündəlikdəki digər məsələlər də müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda Vüqar Qədirov uğurlu fəaliyyətinə görə Şuranın fəxri fərmanı ilə təltif edilib.