|
Bu gün ölkədə əsas problem təkcə iş yerlərinin qeydiyyatı ilə bağlı deyil. Qeydiyyata alınmış insanlara verilən əmək haqlarının tam qeydiyyatı da əsas problemlərdəndir".
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, hələ də ödənilən əmək haqlarının aşağı göstərilməsi halları qalır: "Təcrübə göstərir ki, bir sıra hallarda iş yerləri qeydiyyata alınsa da, ödənilən əmək haqlarının rəsmiləşdirilməsi səviyyəsinin aşağı olması burada səmərə əldə etməyə imkan vermir. Bu nöqteyi-nəzərdən əsas məqsəd iş yerlərinin qeydiyyatını gücləndirməklə yanaşı, ödənən əmək haqlarının da tam uçotu məsələsinə nail olmaqdır. Bu daha çox işə götürən və işçi arasında olan münasibətə bağlıdır və dövlətin bu məsələyə müdaxilə imkanları kifayət qədər məhduddur".
E. Mehdiyev qeyd edib ki, bu halların qarşısının alınması üçün fond tərəfindən zəruri tədbirlər görülür: "Bu istiqamətdə DSMF ödənilən sosial sığorta haqlarının fərdi uçota qeydiyyata almaqla yanaşı, hər bir sığortaolunanın da özünün sosial sığorta kapitalı barədə məlumatlandırılması işini aparır. Təyin olunan pensiyalar ödənilən kapitallara bağlıdır. Sistemin daha da dərinləşdirilməsi məqsədi ilə yeni hazırlanan pensiya islahatları konsepsiyasında müəyyən təkliflər var. İlk növbədə yeni pensiya alqoritmini təqdim etmək istəyirik. Burada əsas məsələ odur ki, bu gün yuxarı sosial sığorta haqqı ödəyən insanlarla aşağı sosial sığorta haqqı ödəyən insanların sosial təminatı məsələsində bir sıra uyğunsuzluqlar var. Yəni, onların hər biri bərabər məbləğlərlə baza hissəsi alırlar. Ödənən sosial sığorta haqlarında yalnız 50 faizlik hissəsi fərdi hesablarda qeydiyyata alınır. Məhz bu məsələ problem kimi ortadadır. Çünki, yuxarı sosial sığorta haqqı ödəməkdə insanlar maraqsız görünürlər. Səbəb isə sosial nəticəni tam əldə edə bilməmələridir. İslahat konsepsiyasında əsas hədəfimiz bu uyğunsuzluğu aradan qaldırmaqdır. Yeni pensiya formulu ödənilən sosial sığorta haqlarına adekvat şəkildə pensiya alınmasını təmin edir. Bu o deməkdir ki, bəlli minimum pensiya göstəricisi tətbiq olunacaq. Yuxarı sosial sığorta haqqı ödəyənlərdə pensiyaya çıxan zaman staj nəzərə alınmayacaq".