|
Bu ilin fevralından tətbiq edilən ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və təyinat sistemi prosesinə məmur müdaxiləsi aradan qaldırılıb. Digər tərəfdən, əvvəllər kağız üzərində rəsmi müraciət edilməsi üçün vətəndaşlar ayrı-ayrı qurumlara müraciət edərək müxtəlif arayış və sənədlər toplamalı olurdularsa, artıq bu təcrübəyə son qoyulub.
Bunu virtualaz.org saytına açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.
Onun sözlərinə görə, vətəndaş artıq onun ailəsinə yardım təyin olunması üçün hansısa məmura müraciət etməyə ehtiyac olmadığını bilməlidir: “Hazırda vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət etməyə maraq göstərirlər və qısa müddət ərzində bu xidmətdən yararlananların sayı kifayət qədərdir”.
E.Babayev bildirib ki, bu sistemin yeni olmasına görə bir qism vətəndaşların ondan istifadə edə bilmələrində müəyyən çətinliklər ola bilər. Hər kəsin elektron qaydada müraciət etmək üçün müvafiq avadanlıqlarının, həm də internetə çıxışının olmaması ehtimalı nəzərə alınıb. İlkin mərhələdə bütün poçt şöbələri də bu məsələ ilə bağlı nazirliyə elektron müraciətin göndərilməsində zəruri hallarda vətəndaşlara kömək edirlər.
“Yəni insanlar rahat şəkildə gəlib poçt şöbələrində onlar üçün ayrılmış kompüter avadanlıqlarından və poçt işçilərinin texniki köməyindən istifadə edərək elektron müraciətlərini edirlər və bu sahədə heç bir problem özünü göstərmir”, - deyə E.Babayev əlavə edib.
Şöbə rəhbəri hər bir elektron müraciətə VEMTAS-da baxılaraq 15 iş günü müddətində cavablandırılacağını qeyd edib. E.Babayev əlavə edib ki, bu avtomatlaşdırılmış sistem elektron hökumət portalı üzərində çox geniş şəbəkəni əhatə edir: “Yəni burada müraciət edən ailələrə aid lazımi məlumatları elektron qaydada əldə etmək üçün 20-dən çox qurumun informasiya resurslarına avtomatik inteqrasiya həyata keçirilir. Vətəndaşlar elektron şəkildə müraciət zamanı “Ərizə-bəyannamə”ni doldurarkən səhv, yanlış məlumatlar daxil etdikdə, bu dərhal üzə çıxır. Çünki onların təqdim etdikləri məlumatlarla aidiyyəti qurumlarda onlar barədə olan rəsmi məlumatlar əldə edilərək yoxlanılır, uyğunsuzluq aşkar edilərsə, yardımın təyin olunmasından sistem tərəfindən imtina qərarı qəbul olunur. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən elektron məlumatda da imtinanın səbəbləri göstəriləcək”.
Sistem tərəfindən vətəndaşa yardımın təyin olununması ilə bağlı qərar qəbul olunursa, bu barədə ailəni təmsil edən şəxsə göndərilən məlumatda yardımın məbləği, plastik kartı hansı bankdan ala biləcəyi göstəriləcək. Yardım təyin olunub-olunmaması barədə məlumat vətəndaşın “Ərizə-bəyannamə”də qeyd etdiyi əlaqə vasitələrinin birinə göndəriləcək.