|
“Günəbaxan tumu istehsalçıları sonu görünməyən xəstəlik şəbəkəsi də yarada bilər”
Son günlər sosial şəbəkələrdə və mətbuatda “Beloçka” günəbaxan tumlarının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olması ilə bağlı məlumatlar yayılır.
Bildirilir ki, yüksək temperatur altında qurudulan “Beloçka” tumları qablaşdırıldıqdan sonra kiflənir. Nəticədə istifadə zamanı insanlarda müxtəlif xəstəliklər əmələ gəlir. Ümumiyyətlə, satışda olan günəbaxan tumlarının insan səhhəti üçün zərərli olması, onların qeyri-gigiyenik şəraitdə qablaşdırılması haqqında fikirlər tez-tez səsləndirilir.
Bu gün mağazalarda müxtəlif adda və qiymətdə günəbaxan tumları satılır. Hətta bu tumların içərisinə hədiyyə kuponları da yerləşdirilir. Ancaq hədiyyə kampaniyasının müddəti bitsə də, üzərinə “hədiyyəli” yazılan tumlar satışdan yığışdırılmır. Həmçinin sonda həmin hədiyyəni kimin əldə etməsi bəlli olmur. Bu da istehlakçının aldadılmasıdır. Kuponlarda pulsuz telefon danışığı dəqiqələrindən tutmuş avtomobilə qədər uduşun olduğu deyilsə də, bu günədək heç kim günəbaxan tumlarından nə hansısa məişət avadanlığı, nə də avtomobil qazanmayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov günəbaxan tumlarının hansı şəraitdə doldurulması barədə heç bir məlumatın olmadığını dedi: “Əvvəla, ictimai yerdə, küçədə tum çırtlamaq mədəniyyətsizlikdir. Çox təəssüf ki, Azərbaycan xalqında bu var. Mən bu halı Türkiyədə də görmüşəm. Gürcüstanda, Rusiyada və digər xarici ölkələrdə mən tum çırtlayan görməmişəm. Keçmişdə də bu var idi. O vaxtlar günəbaxan tumları qablarda, stəkanlarla satılırdı. Fikrimcə, tum və saqqız kimi məmulatların satışına son qoyulmalıdır. İnsanların naməlum xəstəliklərə, mədə bağırsaq-xəstəliklərinə tutulmasında tumların böyük rolu var. Bu azmış kimi, hələ o günəbaxan tumlarına uduşlu kuponlar qoyub, insanları aldadırlar.
Təəssüflər olsun ki, müvafiq qurumlar bu cür anormal halı pul qazanmaq xatirinə stimullaşdırır. Bir sözlə, Azərbaycanda pul qazanmaq xatirinə insanların sağlamlığına zərər vurulur. Bu, yolverilməzdir. ”Azərlotoreya"nı buna görə ciddi tənqid edirik. Kuponlarla bağlı satışda da problemlər yaşanır. “Azərlotoreya”ya 7 nömrəli - həlledici kuponun qoyulmadığını demişəm və bu sahədə şəffaflıq yaradılmasını xahiş etmişəm. Lakin “Azərlotoreya” buna əhəmiyyət verməyərək əhalinin aldadılması üçün şəraiti genişləndirir. Azad İstehlakçılar Birliyinə məsələni araşdırmaq üçün də heç bir şəffaf mühit yaradılmayıb. Günəbaxan tumlarının istehsalında şəffaflıq yoxdursa, hər cür fəsad ola bilər. Hətta bunun istehsalçıları Azərbaycanda sonu görünməyən xəstəlik şəbəkəsi də yarada bilərlər. Bu müəyyən bir partiyası yoxlamadan keçməyən əcaib bir biznesdir. Tumların harada, necə doldurulduğu barədə heç bir məlumat yoxdur".
Günəbaxan tumlarının insan səhhəti üçün zərərlərinə gəlincə isə həkimlər tumların insanda ilk növbədə psixoloji asılılıq yaratdığını deyir. Yəni insan bu məşğuliyyətə başladıqda uzun müddət dayana bilmir. Qovrulma zamanı tumlarda olan faydalı qida maddələri parçalanaraq effektivliyini itirir. Biz də qovurulmuş tumlara üstünlük verdiyimizdən onların orqanizmə faydalılığı sual altında qalmış olur. Həmçinin səs telləri və ağ ciyərləri ilə problemləri olan insanlar günəbaxan tumlarından uzaq durmalıdırlar.
Ancaq normal vəziyyətdə istehsal edilən, qablaşdırılan günəbaxan tumları çox istifadə edilmədiyi halda insan səhhəti üçün faydalıdır. Belə ki, günəbaxan tumunun tərkibində mis, sink, dəmir və lif var. Bunlar qırmızı qan hüceyrələrinin çoxalmasını təmin edərək bədənə oksigen daşınmasına, immunitet sisteminin qorunmasına, qan şəkərinin və qanda xolesterinin tarazlığının gözlənilməsinə və qəbizliyin önlənməsinə dəstək olur. 30 qram günəbaxan tumu gündəlik E vitamini ehtiyacını qarşılamağa qadirdir. Mütəxəssislər gün ərzində E vitamini ehtiyacını qarşılayan insanların ürək xəstəliklərinə yaxalanmaq riskinin yarıbayarı azaldığını bildirirlər.
musavat.com