|
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sırğa olsun” konseptual incəsənət sərgisi üçün əsərlərin qəbulu elan edilir.
Layihənin rəhbəri Məhbarə Abbasova Teleqraf.az-a bildirib ki, layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə töhfə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və onların gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir.
Sırğa hazırda qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və sairdən düzəldilmiş müxtəlif formalı bəzək əşyasıdır. Lakin keçmiş zamanlarda sırğa bizim indi bildiyimiz kimi bəzək üçün deyil, “bildiriş nişanı”, “yaddaş”, “hər an xatırlatma işarəsi”, “unutmamaq, daim yadda saxlamaq” zəmanəti olaraq taxılırdı. Layihəyə əsasən Azərbaycanda müasir istiqamətdə fəaliyyət göstərən rəssamlara böyüklərimizdən eşitdikləri “qulağında sırğa olsun” misalını rəhbər tutaraq, bu anlayışa necə yanaşdıqları və öz əsərlərində hansı formada gördükləri, onu hansı obraza çevirəcəkləri mövzusu təklif edilir.
Sərgidə iştirak etmək istəyən 14-29 yaş arası gənc rəssamlardan bu konsepsiyaya uyğun müxtəlif təsviri sənət növləri - rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət növləri sahəsində işlərin eskizlərini və ya hazır əsərləri dekabrın 15-dək sirga.olsun@gmail.com ünvanına göndərmələri xahiş olunur. Sərgidə iştirak edəcək əsərlərin seçimi professional münsiflər tərəfindən həyata keçiriləcək.