|
Ölkədən xaricə qeyri-bank kanalları ilə pul köçürülməsinə nəzarət gücləndirilib. Hökumət bununla ölkədən valyuta axınının qarşısını almaq məqsədi daşıyır.
Bank köçürmələrinə alternativ olan bu üsulun məqsədi qeyri-leqal pulların ölkədən çıxarılması və rüsumdan yayınmaqdır.
Bank dairələrindən bildirirlər ki, bu sistem banklardan kənar olsa da, bəzi bankirlər öz xarici əlaqələrindən istifadə edərək vasitəçilik edirlər. Bu cür pul köçürmələrinin mahiyyəti isə bundan ibarətdir.
Məsələn, Azərbaycandan Rusiyaya 50 min dollar göndərmək istəyən bir şəxs belə vasitəçilərə bu pulu verir. O isə ofşor zonalarda olan şirkətin hesabından 50 min dolları heç bir rüsum ödəmədən Rusiyadakı ünvana çatdırır. Bunun müqabilində vasitəçi haqq alır, pulu göndərən şəxs isə onu dövlətdən gizlətmiş olur.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, o şəxslər ki, Azərbaycandan bu yolla ofşora pul köçürür: “Və ofşorda da vergi olmur. O şəxs nə Azərbaycanda, nə də xaricdə vergi ödəyir. Nəticədə bu cür qanunsuz gəlirlər əldə edir. Amma sonra ofşordakı pulunu başqa ölkəyə keçirəndə o rəsmi təmiz pul sayılır”.
Hesab olunur ki, bu qanunsuz üsullarla xaricə ötürülən pulların qarşısını almaq üçün Mərkəzi Bankdan daha çox, gömrük orqanlarının fəaliyyətini gücləndirməsi lazımdır.
Çünki, belə köçürmələrlə idxal olunan malların dəyərinin süni olaraq az göstərilməsi, gömrük və vergi rüsumlarından yayınmaqda istifadə olunur.