|
Masallıda yanğın başlayıb. Hadisə rayonun Tatyan kəndində qeydə alınıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd ərazisində vətəndaşa məxsus anbarda başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Masallı rayon yanğından mühafizə idarəsindən 3, Göytəpə şəhərindən isə 1 yanğınsöndürən avtomobil və çox sayda canlı qüvvə cəlb edilib.
Cənub regional yanğından mühafizə idarəsinin rəisi Yaşar Məcidov ANS PRESS-ə bildirdi ki, anbarı yanan vətəndaş təzə ev tikidiyi üçün bütün əşyalarını bu bazaya yığıb: "Yanğın başladığı üçün onun məişət əşyaları və başqa əşyaları hazırda yanır. Yanğının sönsürülməsi istiqamətində işlər aparılır. Lakin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə vaxtı xəsarət alan olmayıb",-deyə rəis bildirdi.
Yanğın 700 kvadrat metrdən çox ərazini əhatə edib.
Bundan qabaq da Masallıda məşhur mebel firmalarından birinə məxsus fabrikdə güclü yanğın meydana gəlmişdi.
Gecə saatlarında başlayan yanğını ram etmək üçün hadisə baş verən əraziyə FHN-nin Masallı rayon yanğından mühafizə hissəsinin bütün canlı qüvvəsi və texnikası cəlb olunmuşdu. Yanğın anbarda 2000-2500 kv.m sahəni əhatə etmişdi.