|
“Finka Azərbaycan” qeyri-bank kredit təşkilatının kredit üzrə mütəxəssisinə cinayət işi açılıb.
Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, Finka Azərbaycan Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatından daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı qeyd olunan təşkilatın Şirvan filialında 2012-2014-cü illərdə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Pərviz Ələkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi məlum olub. O, filialın bir sıra müştərilərinin adlarına rəsmiləşdirilən kredit məbləğlərini, müştərilər tərəfindən həyata keçirilmiş ödənişləri mənimsəyib. Araşdırmalara görə, P.Ələkbərov ümumilikdə 86 min manat məbləğində pul mənimsəyib. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.