|
Payız fəslinin gəlməsi, artıq infeksion xəstəliklərin yayılmasını gündəmə gətirib.
Həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Odur ki, payızı “xəstəliklər fəsli” də adlandırırlar. Bu fəsildə infeksion xəstəliklər daha çox hava-damcı yolu ilə keçən xəstəliklərdir. Xəstəliyə tutulanlar isə, adətən, immuniteti zəif olan insanlar olurlar. Bəs, payız fəslində bu xəstəliklərin yaranmasına səbəb nədir və onlarla necə mübarizə aparmaq olar?
Həkimlərin fikrincə, məhz, bu fəsildə xəstəliklərin yayılmasına səbəb havanın temperaturunun dəyişilməsidir. İnsanlar isti hava şəraitindən birdən-birə soyuq hava şəraitinə düşür. Bəzi insanlar temperaturun kəskin dəyişməsinə reaksiya vermirlər və geyimlərində dəyişikliklər etmirlər. Amma immun sistemi zəif olan insanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar. İmmun sistemi zəif olan insanlarda ümumi halsızlıq, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti zəifləyir.
"Payız xəstəliklər fəsilidir"
Bu xəstəliklərdən ən çox əziyyət çəkənlər isə uşaqlar və yaşlılardır. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tibb işçisi Gülxanım Allahverdiyeva deyir ki, bu mövsüm bir sıra infeksion xəstəliklər yayılır ki, bunlardan da ən çox yayılanı tənəffüs yollarının infeksiyalarıdır: "Tənəffüs yolları infeksiyalarının havadan verilməsi mexanizmində bakterial aerozollar (damcı) və bakterial toz iştirak edir. Tənəffüs yollarının törədici mikrobları xarici mühitdə azdavamlı olan infeksiyalarda (qızılca, su çiçəyi, məxmərək, epidemik parotit) dezinfeksiya, demək olar ki, tətbiq edilmir. Dezinfeksiya, əsasən, skarlatina və difteriya zamanı aparılır. İmuniteti zəif olanlarda süni immunitet yaratmaq üçün vaksinlər (vaksinlə profilaktika) tətbiq etmək lazımdır. Peyvəndlər yalnız tibbi idarələrdə: poliknikaların, ambulatoriyaların, tibb məntəqələrinin peyvənd kabinetlərində aparılmalıdır", - deyə Gülxanım Allahverdiyeva əlavə etdi.
Səhiyyə Nazirliyindən də hər il bununla bağlı xüsusi tədbirlər gördüyünü deyildi. İnsanların xəstəliklərə tutulmaması üçün nazirliyin saytında hazırladıqları videoçarxlarda, nazirliyin nəşr etdiyi "Tibb" qəzetində mütəmadi olaraq, bu mövzuda maarifləndirici məlumatlar verilir.
İmuniteti gücləndirmək üçün qidaya da fikir vermək vacib amillərdəndir. Çalışın, daha çox meyvə (limon, alma) və tərəvəzi (sarımsaq, soğan) menyunuzda artırın. Çoxlu maye qəbul edin.
Payızda ən çox isti çay və limon qəbul edin
Odur ki, mövsümi xəstəliklərdən qorunmaq üçün qabaqlayıcı tədbirlər görsəniz daha yaxşı olar. Payız gələndə hava ritminə uyğun geyinin. Bir də görürsən, günün birinci yarısı hava günəşli olur, ikinci yarısında isə birdən dəyişir, havanın hərarəti enir. Belə havada uzun müddət yüngül geyimlə qaldıqda, bədəninin temperaturunun aşağı düşməsi soyuqdəyməyə gətirib çıxarır. Soyuqdəymə isə xroniki xəstəliklər olan xroniki bronxiti, faringiti və başqa fəsadları daha tez üzə çıxarır. Bu aylarda geyiminizə və qidanıza daha çox diqqət yetirsəniz, sağlam qalarsınız.