|
Yaxın vaxtlarda Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı ciddi yeniliklər olacaq. Fins.az-ın məlumatına görə, yenilik notariat kontorlarında alqı-satqı müqaviləsi bağlanarkən satıcıdan tələb olunan məlumat və arayışlara aiddir.
«Mən evli deyiləm»
Gözlənilən əsas dəyişikliklərdən biri notarist kontorları ilə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyat sisteminin onlayn şəkildə birləşdirilməsi olacaq. Məsələ bundadır ki, son vaxtlar ailəli şəxslərin özlərini subay kimi qələmə verərək alqı-satqı etmələri halları artıb. Qanuna görə, ailəli şəxslər birgə əmlakı satanda və ya girov qoyanda ailənin digər üzvününün – həyat yoldaşının icazəsi tələb olunur. Bəzi şəxslər bu qaydadan yayınmaq üçün hətta evləndikdən sonra da şəxsiyət vəsiqələrində evlilik vəziyyəti barədə məlumatda «subay» sözünü dəyişdirmirlər. Nəticədə notariat kontorunda vətəndaşı subay qəbul edərək əməliyyata icazə verilir. Bəzən bu alqı-satqılar və mənzillərin girov qoyulması sonradan çoxlu sayda mənfi hallara, hətta məhkəmələrə səbəb olur. Belə halların qarşısını almaq üçün notariuslar VVAQ şöbələri ilə əlaqələndiriləcək. Nəticədə vətəndaşın evli olub olmadığını onlayn öyrənmək mümkün olacaq.
Forma-2 arayışları da ləğv edilir
Ev alqı-satqısında gözlənilən ən mühüm yeniliklərdən biri ailə tərkibi haqqında (Forma-2) arayışının onlayn verilməsi olacaq. Qeyd edək ki, qanunvericiliyə əsasən, ev sahibi əmlakını satdıqda və ya girov qoyduqda mənzildə qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Razılığı tələb olunan şəxslərin siyahısı isə Forma-2 adlanan və yerli Mənzil-İstismar Sahələri (MİS - JEK) tərəfindən verilən arayışda göstərilir. Təcrübə göstərir ki, bəzən alqı-satqı prosesində bu arayışın alınması problemə çevrilir. Belə ki, bəzən yerli MİS-lərdə bu arayışın verilməsi müxtəlif bəhanələrlə ləngidilir və ya arayışın verilməsi üçün mənzil sahibindən kommunal xidmət haqqı borclarının ödənilməsi və s. tələb edilir. Bu isə alqı-satqı prosesini ləngidir, bəzən isə alqı-satqının baş tutmamasına səbəb olur. Dəyişikliyə görə isə, yaxın vaxtlarda notariuslar forma-2 arayışlarını onlayn görə biləcəklər. Yəni hər hansı mənzillə əməliyyat aparıldıqda, notarius burada qeydiyyatda olanların siyahısını onlayn müəyyən edəcək. Başqa sözlə, daha heç bir arayışın alınmasına ehtiyac qalmayacaq.
Artıq hazırlıqlara başlanıb
Qeyd edək ki, frtaq Forma-2 arayışlarının onlayn alınmasına hazırlaq başlayıb. Bir neçə gün əvvəl Nazirlər Kabineti "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nda dəyişiklik edib. Həmin qərara əsasən, yerli icra hakimiyəti orqanları ailə tərkibi barədə məlumatları elektron hkumət portalına yerləşdirəcəklər. Nəhayət, avqustun 31-də prezident İlham Əliyevin fərmanı ilə yaşayış yerindən arayışların elektron şəkildə verilməsinə başlanacaq. Bu məlumatların elektron resurslara yerləşdirilməsi alqı-satqı prosesini də sadələşdirəcək və prosesin dərhal həyata keçirilməsini təmin edəcək.
Forma-1-in uğurlu təcrübəsindən istifadə oluna bilər
Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakla əməliyyatlar zamanı onlayn arayışlardan artıq istifadə edilir. 2014-cü ildən etibarən Əmlak Məsələləri Dövlət Komitəsinin yeni onlayn xidmət istifadəyə verib və bu xidmət nəticəsində əmlakın hüquqi vəziyyəti (yəni girovda və ya həbsdə olub olmaması) barədə arayışlar (Forma-1) onlayn qaydada təqdim olunur. Belə ki, alqı-satqı həyat keçirən tərəflər notariat kontoruna gəldikdə, notariuslar onlayn rejimdə əmlakın vəziyyətini öyrənir, heç bir problem yoxdursa, alqı-satqını rəsmiləşdirirlər. Bu yenilik qısa müddət ərzində əmlakla əməliyyatları qat-qat asanlaşdırıb, indiyədək bir neçə gün davam edən bu proses cəmi 10-15 dəqiqə davam edir. Çox güman ki, bu sahədəki uğurlu təcrübə forma-2 arayışlarında da tətbiq olunacaq.