|
Gürcüstanın Batumi şəhərinə yağan leysan yağışlar nəticəsində evlər su altında qalıb.
Gürcüstanın kurort şəhəri Batumidə yağan leysan yağışlar və dörd ballıq qasırğa şəhərdə daşqınların yaranmasın asəbəb olub. Nəticədə 2 nəfər ölüb, evlərin yarıdan çoxu su altında qalıb, şəhərdə elektrik enerjisi kəsilib.
Köməyə paytaxt Tiflisdən və Kutaisidən əlavə xilasetmə qüvvələri göndərilib. İnsanlar su basmış küçələrdə, binaların birinci mərtəbələrində və mağazalarda çıxılmaz vəziyyətdə qalıblar.
Bundan başqa, şəhərin küçələri və dəmiryol stansiyası su altında qalıb. Batuminin çıxışında şəhəri tərk etməyə çalışan nəqliyyat vasitələrinin böyük tıxacı yaranıb.
Şəhər meri hadisə ilə bağlı açıqlama verərək bildirib ki, Daxili İşlər Nazirliyi (DİN), Fövqəladə Hallar Nazirliyi (FHN) və patrul polisləri vəziyyəti daim nəzarət altında saxlayırlar. "Təcili yardım xidməti və bələdiyyə nəqliyyatı problemsiz çalışır. Hazırkı mərhələdə əlimizdə olan texnika işlərin aparılması üçün tam kifayət edir. Əgər lazım olarsa, əlavə qüvvələr də işə cəlb olunacaq” - deyə mer əlavə edib.