|
Bakıda Sovet dövründə tikilən binalara edilən əlavələrin hamısı söküləcək.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətinin "Tikintiyə nəzarət” şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, dünən Yasamal rayonu ərazisində yaşayış binalarının artırılmış balkonları tam qanun çərçivəsində merin tapşırığına uyğun olaraq sökülüb.
Nərimanov heykəlinin yanından Vergilər Nazirliyinin arxasına qədər, rayonun A. Ağayev küçəsində abadlıq işləri aparılıb. İşlərə uyğun olaraq ərazidə yerləşən binalarda artırılmış balkonlar sökülüb. Bu addım həm təhlükəsizlik, həm də şəhərin görünüşünə xələl gətirməyin qarşısını almaq məqsədilə atılıb.
Qurumdan onu da bildirdilər ki, artırılma balkona görə verilən sənədlər də əslində qanuni deyil. Çünki Sovet dövründə tikilən binanın infrastrukturuna heç bir dəyişiklik etmək olmazdı.
Bakı meriyasından onu da əlavə ediblər ki, gələcəkdə də, abadlıq aparılacaq digər ərazilərdə belə hallar olarsa, mütləq qarşısı alınacaq: "Əgər hansısa ərazilərdə abadlıq işləri aparılacaqsa və artırılma balkon, yaxud hansısa dəyişiklik aşkarlanarsa, o zaman müvafiq tədbirlər görüləcək. Artırılma balkonlar söküləcək”.