|
"Ölkədə 4500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi var. Bu dərman vasitələrinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı müxtəlif olduğundan qiyməti tənzimlənəcək dərman vasitələrinin sayı qeyd olunan rəqəmdən də çoxdur".
ANS Press-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Azərbaycan Tarif (qiymət) Şurasının 30 iyulda keçirilmiş iclasında isə ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti ucuzlaşdırılıb. Qərara əsasən, həmin dərman vasitələrinə tətbiq edilən ucuzlaşma 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz.
Şahin Mustafayev bildirib ki, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur: “Hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsinin aparıldığını nəzərə alsaq, bu işin vaxt və məsuliyyət baxımından uzun proses tələb etdiyi məlum olur. Qeyd olunan məsələlər nəzərə alınaraq, qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılıb”.
Onun sözlərinə görə, hər dəfə dərman vasitələrinin qiymətləri təsdiqləndikcə Tarif (qiymət) Şurasının müvafiq qərarı, qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) rəsmi internet saytlarında yerləşdiriləcək və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında elektron məlumatlarda (www.pharma.az) əks olunacaq.
Şahin Mustafayev bildirb ki, Tarif (qiymət) Şurasının bu məsələ ilə bağlı ilk qərarı ilə qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb: "20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib. Ümumilikdə isə, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enmiş, qalan hissəsinin qiyməti isə dəyişməyib".