|
Azərbaycanın Zaqatala rayonunda 29 yaşlı kişi evinin qarşısında güllələnib.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, ötən gecə Zaqatala sakin, 1986-cı il təvəllüdlü Ağakişi Əhməd oğlu Həzrəyev bədənin çanaq nahiyəsinin yan tərəflərinin və sağ baldırın ön divarının güllə yarası ilə xəstəxanaya daxil olub. Üzərində cərrahiyə əməliyyatı aparılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Ağakişi Həzrəyevin yaşadığı binanın qarşısında baş verib. Adı açıqlanmayan şəxs avtomat silahdan Ağakişi Həzrəyevə bir neçə dəfə atəş açaraq, hadisə yerini tərk edib.
Şübhəli şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.