|
Qazaxlı iş adamı Elşad Məmmədov prezident İlham Əliyevə növbəti müraciətini ünvanlayıb.
Mediaxeberleri.az Avropa.info-ya istinadən xəbər verir ki, iş adamı İ. Nehrəmlinin ona aid beş yüz min manatı mənimsədiyini deyən E. Məmmədov prezident İ. Əliyevdən bu məsələnin həlli üçün tapşırıq verməsini xahiş edib.
Həmin müraciəti oxucularımıza təqdim edirik.
“Cənab Prezident!
Mənim İbrahim Nehrəmli tərəfindən hədə-qorxu və saxta məhkəmələr yolu ilə iki əmlakımı əlindən alınması haqda düz 4 ildir ki, KİV-də 500-ə yaxın məqalələr dərc edilib. Mən bu haqsızlıqları şəxsən sizə demək üçün 3 azyaşlı övladımla Prezident Adminstirasiyasının (PA) qarşısına gəldim. Lakin polislər PA-nın qarşısında övladlarımın gözü qarşısında mənə güc tətbiq edib, zorla 9-cu polis bölməsinə apardılar. Orada qanunsuz olaraq 4 saat saxlayıb, “Allah köməyin olsun pis yerə ilişmisən” deyib buraxdılar.
Mənim 4 ildə etdiyim şikayətləri milyarder, ilin iş adamı və diaspora sədri olan Nazim İbrahimovun qardaşı İbrahim Nehrəmli çox böyük məharətlə gizlədə bildi. Mən bu haqsızlıqları bir daha Sizin nəzərinizə çatdırmaq üçün bu məktubu yazıram. Hal-hazırda ailəm və 3 körpə övladımla Avropaya köçmüşəm.
“Google” və “Youtube” saytlarında Qazaxlı Elşad Məmmədov başlığı ilə mənim haqqımda kifayət qədər material var. İbrahim Nehrəmlinin qardaşı Nazim İbrahimov məni Avropada da rahat buraxmayıb, ölümlə hədələyir. Bu haqda mətbuatda etdiyim müraciətlər də bu günə kimi baxılmamış qalıb!”