|
İlin sonuna qədər dövlət büdcəsindən ipoteka üçün ayrılan vəsait 250 milyon manat ola bilər.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib.
Onun sözlərinə görə vəsaitləri kommersiya banklarına Mərkəzi Bank ayıracaq, amma buna Maliyyə Nazirliyi dövlət zəmanəti verəcəkdir.
Vəsaitlərin bir qismi sosial, bir qismi isə kommersiya ipotekasına yönəldiləcək. Bu, ilin sonuna qədər olan plandır.
Mərkəzi Bank və Maliyyə Nazirliyi ipotekaya gələn il daha böyük vəsat ayırmağı planlaşdırır.
Həm sosial, həm də kommersiya ipotekası üzrə faizlər aşağı salınacaq, məbləğlər isə artırılacaq:
“Həmişə şikayətlər var idi ki, faiz dərəcələri yuxarıdır. Bizim təklifimizdə həm kommersiya ipotekasının, həm də sosial ipotekanın şərtlərinin (faizlərinin) aşağı salınması nəzərdə tutulur. Həm sosial, həm də kommersiya ipoteksaı üzrə ayrılan kredit məbləğləri aşağı idi. Bu, ancaq təkrar bazardan, köhnə mənzil fondundan mənzillərin alınmasına imkan verirdi. Bunu nəzərə alaraq təxminən hər iki istiqamət üzrə (sosial və kommersiya) məbləğlərin iki dəfə artırılmasını nəzərdə tuturuq”.
İpoteka kredit almaq üçün müraciətlər elektron qaydada qəbul ediləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi 2015-ci ilin birinci yarısında Respublikanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında bildirib ki, Azərbaycanda ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə ən azı 200 milyon manat vəsait ayrılacaq.
Prezident yeni vəsaitin ayrılmasının mexanizminin nədən ibarət olacağını da açıqlayıb:
“Burada iki yanaşma var. Ya vəsait mövcud binalardan mənzillərin alınmasına veriləcək, ya da yeni binalar tikiləcəkdir. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların tikintisi daha məqsədəuyğundur. Amma, bu, bir qədər vaxt apara bilər. Bəlkə bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Əsəs məsələ budiur ki, vəsait ayrılmalıdır, kimə veriləcək bunu Siz müəyyən edin”.
Hazırda kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.