|
“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihənin icrasına başlayıb. “Dövlətin din siyasətinin təbliği: Kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” adlı layihənin məqsədi dini dəyərlərin Azərbaycan toplumunda təbliğinin hansı əsaslar üzrə aparılmasını araşdırmaq, son illərdə dövlətin geniş vüsət almış din siyasətini müxtəlif vasitələrlə ictimaiyyətə çatdırmaqdır.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, din adı ilə cəmiyyətimizə xitab edən radikal qruplara qarşı mübarizədə yalnız inzibati resurlar yetərli deyil, hər bir vətəndaşın, ictimai birliyin fəallığı vacibdir: “Çünki, heç bir ölkə, o cümlədən, Azərbaycan təhlükəli dini təzahürlərdən sığortalanmayıb. Biz həm dövlət, həm də cəmiyyət olaraq etnik-dini konfliktlərin ölkəmizə ayaq açmasının qarşısında yalnız birlikdə dayana bilərik. Bu layihəmizin də məqsədi ölkəmizdə dini sahədəki normal atmosferin qorunub saxlanmasına dəstək olmaq, bu durum üçün təhlükə yarada bilən amillərin öyrənilərək üzə çıxarılmasına çalışmaqdır”.
İB rəhbəri bildirib ki, layihə çərçivəsində mövzu ilə bağlı tanınmış ziyalıların, media ekspertlərinin fikirləri əsasında müsahibələr, məqalələr hazırlanır. Həmçinin, mediada monitorinq aparılır.
Monitorinq nəticəsində dini maarifləndirmə işi aparan, dövlətin din siyasətini cəmiyyətə effektiv şəkildə təqdim edən 3 media qurumu və ya şəxs təqdimat mərasimində təltif olunacaq./Moderator.az/