|
23-24 may 2015-ci il tarixlərində Bakı şəhərində “Bakı 2015 – ilk Avropa Oyunları ərəfəsində Gənclərin Turizm Forumu” adlı layihəsi baş tutmuşdur.
Teleqraf.az-ın məlumatına görə,layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tərəfdaşlığı ilə “Gənclər Turizmi” İctimai Birliyi tərəfində həyata keçirilmişdir.
Forumun açılışında “Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mətbuat katibi Nərgiz Cəfərli və Avropa Oyunları Əməliyyat Komitəsinin Hüquqi Məsələlər üzrə baş Məsləhətçisi Ümman Ağamalıyev çıxış edərək layihə haqqında fikirlərini və gənclərə tövsiyyələrini bildirmişlər.
Layihənin əsas məqsədi Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti haqqında gəncləri məlumatlandırmaq, Avropa Oyunlarının yerli gənclərə verdiyi müsbət töhvələri önə çıxarmaq və gənclərin öz uğur hekayələrini digər gənc həmkarları ilə paylaşmaq üçün şərait yaratmaqdır.
Forum çərçivəsində Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsində məsul vəzifələrdə çalışan gənclər məruzəçi qismində dəvət olunaraq Avropa Oyunlarının onların həyatına müsbət təsirləri və əldə etdikləri tərübə, bilik və bacarıqlar, o cümlədən oyunların əhəmiyyəti haqqında iştirakçıları məlumatlandırmışlar. Forumun iştirakçıları Bakı2015- İlk Avropa Oyunlarında könüllü olaraq çalışan 100 gəncdən təşkil etmişdir.
Təlim proqramını uğurla başa vuran iştirakçılar üçün tanınmış bələdçi Fuad Axundovun (“Bakının Sirləri” televiziya proqramının müəllifi və aparıcısı) rəhbərliyi ilə Bakı şəhər turu təşkil olunmuşdur. Layihə sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunublar.