|
Şamaxıda M.Ə.Sabir yaradıcılığına həsr olunmuş V Bədii Qiraət Müsabiqəsinə yekun vurulub.
Teleqraf.az-ın xəbərinə görə, mayın 22-də Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondunun təşkil etdiyi M.Ə.Sabir yaradıcılığına həsr olunmuş V Bədii Qiraət Müsabiqəsinə yekun vurulub. Şamaxının təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqənin final turunda 100-dən artıq iştirakçısı M.Ə.Sabirin şeirlərini söyləyib. Tanınmış şair Musa Yaqubun rəhbərlik etdiyi, ədəbiyyatçıların və M.Ə.Sabir yaradıcılığının tədqiqatçılarından ibarət münsiflər heyəti iştirakçıların bacarıqlarını qiymətləndirib. Şamaxı şəhər 1 saylı tam orta məktəbin VII sinif şagirdi Aynur Hökmürəvan I yerə, Məlhəm kənd tam orta məktəbinin IX sinif şagirdi Əfsanə Mahmudova və Şəhriyar qəsəbə tam orta məktəbinin V sinif şagirdi Türkan Razimi II yerə, Şamaxı şəhər 2 saylı tam orta məktəbin VII sinif şagirdi Cavid Abdurrəhmanov, Avropa liseyinin VII sinif şagirdi Nəcməddin Nəcəfli və Texniki-Humanitar Təbiət Təmayüllü liseyin X sinif şagirdi Nazilə Daşdıyeva III yerə layiq görülüb.
Avropa liseyinin I sinif şagirdi Aytən Ədilova, həmin məktəbin VIII sinif şagirdi Aysel Mirzəliyeva, Avropa liseyinin I sinif şagirdi Xədicə Nurlu, həmin liseyin VIII sinif şagirdi Bilqeyis Məhərrəmova və şəhər 6 saylı tam orta məktəbin VII sinif şagirdi Xuraman Teymurova həvəsləndirici mükafatlara layiq görülüblər.
Şamaxı şəhər mədəniyyət sarayında keçirilən qalibləri mükafatlandırma mərasimində rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, şair Musa Yaqub və başqaları çıxış edərək söyləyiblər ki, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə artıq 5-ci ildir keçirilən M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş Bədii Qiraət Müsabiqəsi artıq rayonun mədəni həyatında özünə möhkəm yer tutub. Millət vəkili Elxan Süleymanov müsabiqə qaliblərinə diplomlar və pul mükafatları təqdim edərək, onlara uğurlar diləyib.
Müsabiqədə fərqlənənlər Şamaxının millət vəkili Elxan Süleymanovun təsis etdiyi M.Ə.Sabir təqaüdü alacaqlar. Qeyd edək ki, indiyə kimi Bədii Qiraət Müsabiqəsinin qalibi olmuş 36 nəfərə də təqaüdlər verilir.