|
Rusiya hökumətinin miqrasiya qanunvericiliyinə etdiyi dəyişikliklər RF-də çalışan Azərbaycan vətəndaşlarına mənfi təsir etməyəcək.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov deyib.
Məmmədov Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrində əcnəbi işçilərin yolverilən payı haqqında 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək qərarı şərh edərkən bildirib ki, Rusiyanın öz miqrasiya qanunvericiliyində dəyişiklik etməsi ilk dəfə deyil: "2006-cı ilin noyabrında qanunvericiliyə ciddi düzəlişlər edildi. O zaman da mənfi təsiklərdən danışılırdı [əmək miqrantları üçün], lakin bu, baş vermədi. Bizdə işçi qrup yaradılıb, biz RF Federal Miqrasiya Xidməti ilə işlədik, nəticədə Azərbaycan vətəndaşalrının əmək fəaliyyətinin leqallaşdırılması üzrə operativ plan hazırlandı. Odur ki, həmvətənlərimizin Rsuiyadan hansısa axını olmadı".
Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycan vətəndaşları çoxdan Rusiyanın əmək bazarına uyğunlaşıblar və orada uğurla çalışırlar.
Bundan başqa, onun sözlərinə görə, ötən həftə Moskvada ekspert komissiyasının danışıqları keçirilib. İclasda əmək miqrasiyası sahəsində readmissiya haqqında məsələlər və əməkdaşlıq sazişi müzakirə edilib.
Ekspert qrupunun tərkibinə Dövlət Miqrasiya Xidmətinin, XİN, DİN, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri daxildir.
Məmmədov bildirib: "Biz [miqrasiya qanunvericiliyi sahəsində] yeni normativ aktların qəbul edilməsi ilə bağlı vəziyyəti təhlil etdik. İndi FMX-nin məlumatına görə, Rusiyanın əmək bazarında təxminən 600 minə yaxın Azərbaycan vətəndaşı çalışır. Вu planda onlardan çoxu hər hansı problemə malik deyillər: onlar öz əməklərini leqallaşdırıblar və artıq yerli əmək bazarına uyğunlaşıblar. Ümumilikdə, bu rəqəm təqribən 2-3 ildir dəyişmir. Bu da Azərbaycanın RF-dəki əmək miqrantlarının vəziyyətinin sabit olduğunu göstərir".
Şöbə müdirinin qeyd etdiyi kimi, bununla yanaşı, son vaxtlar Azərbaycana əmək miqrantlarının axını müşahidə olunur. "İş axtaran hər hansı bir ölkənin vətəndaşı bir məqsəd güdür – daha yaxşı əmək şəraiti. Bu gün hamı etiraf edir ki, Azərbaycan möhkəm iqtisadiyyata, siyasi və ictimai sabitliyə malik ölkədir. Nə üçün bizə əcnəbi işçi qüvvəsinin axını artır? Ona görə ki, Azərbaycan əcnəbi vətəndaşlar üçün cəlbedici olub, bir vaxtlar ölkəni tərk edən Azərbaycan vətəndaşları indi qayıdırlar, çünki həyat şəraiti daha yaxşı olub”.
Onun sözlərinə görə, bu il Azərbaycanda əcnəbi işçi qüvvəsi üzrə kvota 12 min nəfər olub, lakin müraciət edənlərin sayı daha çox, yəni təxminən 15-20 min nəfər təşkil edib: "Rusiyadakı qeyri-sabit iqtisadi vəziyyətlə əlaqədar adamlar daha yaxşı variantlar axtarır və vətənə qayıdırlar".
Məmmədov əlavə edib ki, Azərbaycana gələnlər bir qayda olaraq əmək fəaliyyəti təcrübəsinə malik olurlar və ölkənin əmək bazarına hansısa yüklənmə gətirmirlər.