|
Şəhidlik elə biz zirvədir ki, ona sarı yürüyənlər vətən sevgisini həyat, yaşamaq sevgisindən uca tuturlar. Bu əbədiyaşarlıq sönməz od kimi vətənin bağrında daima şölələnir. Yeni gələn nəsillər bu odun işığına gəldikcə Vətənin üstündəki qara buludlar seyrələcək və gün gələcək Bütöv Azərbaycan kəliməsi reallığa çevriləcək.
Vətənin hər bucağı əzizdir. Təbriz də, Qarabağ da ürəyimizin ayrılmaz parçasıdır. Ancaq bu bir reallıqdır ki, “Vətən beşik evindən başlar”. Xoşbəxd o kəslərdir ki, beşik evidə qəbir evinə çevrilir.
Qaçqın taleyi minlərlə soydaşımızı bu xoşbəxtlikdən məhrum etdi. Bu cür məhrumiyyətlərsə bizlərə nələr yaşatmır...! Qərib məzarlıqlarda uyuyan doğmalarımızın məzarı üstü cox zaman illərlə bir-birini görməyən yaxınların görüş yerinə çevrilir. Ən böyük faciələrimizdən biri də budur.
Bu yazıda haqqında eşidənlərin, onunla döyüş yolu keçənlərin yaddaşında silinməz izlər qoyan, uyuduğu məzarda da qərib taleyi yaşayan bir şəhid qardaşımızdan söz açacam. Hər bir şəhidin ömür yolu öyrənilməyə layiqdi. Elə Zimistan Qurbanovun da.
1971-ci ildə Kəlbəcərdə dünyaya gələn Zimistan uşaqlıqdan tay-tuşlarından fərqlənən, düzlüyə, doğruluğa daima tərəf çıxan uşaq kimi diqqət çəkərdi. Hələ uşaqlığına əlvida deməmiş, erməni quldurlar ərazilərimizə haqsız torpaq iddiaları irəli sürdülər. Buna dözməyən Vətən oğulları kimi Zimistan da 1988-ci ildə yerli özünümüdafiə dəstəsinə ov tüfəngi ilə qoşulur. Hələ hərbi çağırış yaşına çatmayan bu gənc Kəlbəcərin ermənistanla sərhəd kəndlərində quldurlara qarşıcəsarətlə vuruşur. 1990-cı ildə həqiqi hərbi xidmətə çağrılaraq Ukraynaya göndərilir. Burada zirehli texnika taborunda xidmətə başlayır. Hərbi hissədə səlahiyyət sahibi olan ermeni generalın göstərişi ilə bu hərbi hissəyə göndərilən azərbaycanlılar digər hərbi hissələrə göndərilir. Bu göndərişlərdə məqsəd azərbaycanlıların döyüş texnikasına yiyələnməsinin qarşısını almaq idi. Zimistan da bu göndərişlərin qurbanı olur. Digər hərbi hissəyə göndərilmələrinin səbəbini bilən bir qrup azerbaycanlı Sovet ordusunda xidmət etməkdən imtina edirlər. Onlara kömək edən çeçen zabitin yardımı ilə vətənə dönən Zimistan 15 gündən sonra Qarabağ döyüşlərinə atılır. Amansız döyüş meydanlarında yaxın qohumlarını, silahdaşlarını itirən yenilməz əsgər dəfələrlə igidlik göstərmiş, rayonun müdafiəsi zamanı 4 qulduru (3 erməni, 1 rus) məhv etmişdi. Lakin bu cür döyüşlərin olmasına baxmayaraq, Kəlbəcər işğal edildi.
Rayonun işğalından sonra valideynlərini Ağsu rayonuna gətirərək 1992-ci ildən onunla çiyin-çiyinə vuruşan qardaşı Cavanşirlə yenidən döyüşə atılır. 1993-cü ilin may ayında Zimistanın səyi nəticəsində ordumuzun 100 nəfərlik hərbi bölüyü ölüm təhlükəsindən qurtarır. Digər əməliyyatların birində 2 düşmən kəşfiyyatçısını məhv edir.
1994-cü ilin başlanğıcında Kəlbəcəri azad etmək üçün milli ordumuz əks hücuma başlayır. Zimistan Yanşaq kəndi yaxınlığında gedən döyüşlərdə yüksək rütbəli 5 erməni zabitini əsir götürür. Qanlıkənd yaxınlığında gedən döyüşdə düşmənin hərbi maşınını ələ keçirərək şəxsi heyəti məhv edən Zimistan elə həmin ərazidə növbəti döyüşə atılır. Mühasirəni yararaq çıxan Zimistan sona qədər vuruşur ki, düşmənin qarşısını alsın. Lakin bu döyüşdən sağ çıxmır. Özünü qurban verməklə neçə-neçə ailənin oğul acısı yaşamasının qarşısını alır. Zimistanın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmur. Ölümündən 3 ay sonra ərazilərə baxış keçirən Qızıl Aypara cəmiyyəti 12 əsgərimizin nəşini gətirir. Bu Vətən oğullarından biri Zimistan olduğu müəyyənləşdirilir. Cəsədə baxış zamanı məlum olur ki, qollarından, sinəsindən və başından 18 güllə, bədəninin müxtəlif yerlərindənsə 30 qəlpə yarası alıb.
Göstərdiyi döyüş xidmətlərinə görə, dəfn olunduğu Ağsu rayonunun mərkəzi küçələrindən biri Zimistan Səfəralı oğlu Qurbanovun adını daşıyır.
Vətən hamımızın can yerimizdir. Onun uğrundasa ən ali məqama ucalmaq Zimistan kimi oğullara qismət olur. Ölümüylə ölümsüzlük qazananlar təkcə şəhidlərimizdir.Ulu Tanrıdan onlara rəhmət diləyirik.
Əhmədov Ziya. Metbuat.info saytının redaktoru