|
Məktəblərdə şagirdlərə qurd əleyhinə dərmanlar paylanır. Valideynlər isə uşaqlarında qurd xəstəliyi aşklarlanmadığı halda həblərin qəbul edilməsi ilə razılaşmır.
Baş pediatr Nəsib Quliyev açıqlamasında məktəblərdə bu dərmanların Səhiyyə Nazirliyi tərəfindən paylandığını və bunun doğru addım olduğunu bildirib:
“Bir sinifdə, qrupda və ya ailədə qurd xəstəliyi aşkarlanırsa, oradakı üzvlərin hamısına müalicə tətbiq etmək lazımdır. Bu baxımdan məktəblərdə qurd xəstəliyi əleyhinə dərmanların paylanması doğru addımdır. Çünki sinifdə bir uşaqda qurd aşkarlananda digərlərini yoxlamadan da onlara dərman verilə bilər. Valideynlər uşaqlarını yoxlamadan dərman verilməsinə etiraz edirlər. Bu fikir doğru deyil”.
N.Quliyevin sözlərinə görə, uşaqlar gəzməyə başlayandan gigiyenik qaydalarla bağlı tam məlumatlı olana qədər onlarda bu xəstəlik müşahidə edilir. Bu baxımdan mütəmadi profilaktik addımların atılmasına ehtiyac var:
“Bu xəstəlik xüsusən, azyaşlı uşaqlarda tez-tez rast gəlinir. 2 yaşda 10 yaşa qədər uşaqlarda bu faktlar dada çox müşahidə edilir. Yalnız bizdə deyil, bütün dünyada bu yaş qrupunda olan uşaqlarda qurd xəstəliyi olur. Ölkəmizdə isə, icbari dispanserizasiya həyata keçiriləndən sonra bu faktlar daha çox aşkarlanır”.(publika.az)