|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 41 nəfər insan alveri qurbanına yardım göstərib.
Bu barədə Teleqraf.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumatr veriblər. Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-sentyabr aylarında 41 nəfər insan alveri qurbanına, habelə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 39 nəfərə müvafiq yardımlar göstərib. Həmin şəxslərin bir çoxu eyni vaxtda bir neçə növ yardımla təmin edilib.
Yardım göstərilən şəxslərdən 5 nəfərinin ailələrinə ünvanlı dövlət sosial yardımının təyin olunması hüququna baxılması üçün müvafiq rayon ƏSMM-nə, 18 nəfərinin məşğulluğunun təmin olunması, 6 nəfərinin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə, 1 nəfərinə əlil arabasının verilməsi üçün nazirliyin müvafiq şöbəsinə, 1 nəfərin torpaq sahəsi ilə təmin olunması üçün İcra Hakimiyyətinə müraciət edilib. Eyni zamanda, 3 nəfərə maddi yardım göstərilib, 5 nəfər sığınacaqla, 11 nəfər tibbi, 6 nəfər psixoloji, 23 nəfər hüquqi yardımla təmin edilib. Bir nəfər zərərçəkmişin övladı körpələr evi-uşaq bağçasına yerləşdirilib, həmçinin 2 nəfərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün işlər aparılıb.
Digər insan alveri qurbanları və potensial insan alveri qurbanlarına da aidiyyatı üzrə köməkliklərin göstərilməsi təmin olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda maarifləndirmə işləri də aparılıb.